"İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında"
Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası prezidentinin fərmanı
"İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında"
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının «İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- «İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş transplantasiya obyekti olan orqan və (və ya) toxumaların siyahısını təsdiq etsin;
- həmin Qanunun 4-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan və (və ya) toxumaların transplantasiyasının qaydaları və şərtlərini, habelə onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısını təsdiq etsin;
- həmin Qanunun 6-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş orqan və (və ya) toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması qaydalarını təsdiq etsin;
- bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair müvafiq normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;
- öz səlahiyyətləri daxilində «İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, «İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsində, 4-cü maddəsinin ikinci hissəsində, 6-cı maddəsinin ikinci və üçüncü hissələrində və 7-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 yanvar 2000-ci il
Material www.health.gov.az saytından götürülüb
