Arıqladan çimərlik paltarı   |   Analar uşaqlarını daha çox əzizləməlidir   |   Yalan danışan xanımlar tez-tez əl-üzlərini yuyurlar   |   Şokolad qan təzyiqini azaldır   |   Orqan ticarətində Azərbaycanın da adı hallandı   |   Kişilər kosmetikaya qadınlardan çox pul xərcləyir   |   İnsulini sprey əvəz edəcək   |   Ana öpüşü güclü immunitet yaradır   |   Uşaqları öpməyin!   |   Təzyiq altında yaşamayın   |   Mobil telefon qulaqda əlavə səs yaradır   |   Tənhalıq xərçəngə səbəb olur   |   Saqqız çeynəməyin faydaları   |   Ana südü xərçəngə qarşı   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Kişilər həyat yoldaşlarını gözəlliyinə görə seçirlər   |   Əlləriniz xarakterinizi göstərir   |   Xərçəng yox olmaq üzrədir…   |   Bakteriyalar qadınları daha çox “sevir”   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   2 yaşında 41 kilo oldu   |   Xoşbəxtlik qadınları zəif edir   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   B6 vitamini xərçəng risqini azaldır   |   İdman depressiyanın dərmanıdır   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   Xanımlar evliliyin ilk illərində daha çox kökəlirlər   |   Xərçəngi insan yaradıb?   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Uzunömürlülüyün sirri almadadır   |   Çox düşünənlərin yaddaşı zəif olur   |   Kompüterli tomoqrafiya haqqında bilmədiklərimiz   |   İmmunitet intellektual səviyyədən asılıdır   |   Şokolad üzərindəki ağlar nəyin əlamətidir   |   Əkizlər ana bətnində dostlaşırlar   |   Dünyanı dəhşətli viruslar bürüyür   |   Qısqanclıq qadınların görmə qabiliyyətini zəiflədir   |   Müasir xanımlar çox yaşayır   |   Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri   |   Prostatit və onunla mübarizə   |   Enli budlar sağlam ürəyə işarədir   |   Soğan yemək beyini gücləndirir   |   Dünyanın ən xeyirli mətbəxləri   |   "Qadınlar nə istəyir" sualına cavab tapıldı   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Pula qarşı allergiyası olan insan   |   
Yoğun bağırsaq xərçəngi

Yoğun bağırsağın hər bir bölgəsində - kor bağırsaq; qalxan, köndələn və enən çənbər, S-ə bənzər və düz bağırsaqda xərçəng inkişaf edə bilər. Yoğun bağırsağın ayrı-ayrı hissələrinin xərçəngi birlikdə kolorektal xərçəng də adlanır. Amerika Xərçəng Cəmiyyətinin məlumatına görə hər il 112.000 insanda yeni yoğun bağırsaq, 40.000 insanda isə düz bağırsaq xərçəngi aşkar edilir.

 

Xərçəng necə əmələ gəlir?

Ümumiyyətlə, xərçəng normal hüceyrələrin zədələnməsi nəticəsində onların bədxassəli xarakter almasından yaranır. Hər bir nomal hüceyrə öz missiyasını başa vurduqdan sonra ölərək yerini yenilərinə verir və beləliklə yeni yaranan və ölən hüceyrələr arasında bir balans olur. Bu balans insanın həyatı boyu orqanların normal fəaliyyətini təmin edir. Amma xərçəng hüceyrələri isə nəzarətsiz bölünür və çoxalaraq qaynaqlandığı üzvün və qonşu orqanların funksiyalarını pozmağa başlayır. 

Əsasən yoğun bağırsaq xərçəngi kiçik, xoşxassəli adenomatoz polip adlanan hüceyrə yığıntısı kimi başlayır. Zaman keçdikcə bu poliplər yoğun bağırsaq xərçənginə çevrilir. Poliplər kiçik ölçüdə olurlar və əsasən heç bir əlamətlə özünü biruzə vermir. Yoğun bağırsaq xərçənginin ilkin əlamətləri bağırsaq funksiyasında olan pozğunluqlar, nəcisdə qan, davamlı sancılar, qaz və qarında ağrılardır.

 

Əlamətləri

Xəstəliyin neqativ xüsusiyyətlərindən biri uzun müddət heç bir əlamət vermədən mövcud ola bilməsidir. Əlamətlər o zaman meydana çıxır ki, xərçəng müəyyən ölçü və lokalizasiyaya malik olsun.  Yoğun bağırsaq xərçənginin əsas əlamətləri aşağıdakılardır:
  - Bağırsaq funksiyasında dəyişikliklərin əmələ gəlməsi. Bu özünü həm ishal, həm də qəbzlik kimi göstərə bilər. Bir neçə həftə ərzində nəcisin konsistensiyasında yaranan dəyişiklik narahatçılığa səbəb olan faktor olmalıdır.
  - Düz bağırsaqda qanaxma və ya nəcisdə gizli qan
  - Qarında davamlı narahatçılıq. Bunlara sancılar, qaz və ya ağrılar aid edilə bilər
  - Bağırsaqların tam boşalmaması hissi
  - Zəiflik və yorğunluq
  - İzah edilə bilməyən arıqlama

Nəcisdə qanın olması xərçəngin əlamətlərindən biri ola bilər. Amma nəzərə alın ki, bu əlamət digər səbəblərlə də bağlı ola bilər. Ən düzgün səbəbi siz həkimin nəzarəti altında lazımı müayinələri keçməklə müəyyən edə bilərsiniz. Nəcis üzərində müəyyən etdiyiniz al qan ləkələri adətən babasil və ya anal dəlikdə yaranan çatlardan qaynaqlanır. Bəzi qidalar, məsələn, qırmızı kök, biyan kökü nəcisin rəngini qırmızıya çevirə bilər. Bəzi dəmir əlavələri və ishal əleyhinə dərman maddələri nəcisin rəngini tündləşdirə bilər.  Bütün bunlara baxmayaraq nəcisdə qan izlərinə şübhə yaranan kimi mütləq həkimlə əlaqə yaradın və onun hər hansı ciddi bir səbəbdən olmasını inkar edin.

 

Yoğun bağırsaqda xərçəngönü hallar 

Yoğun bağırsağın xərçənginə gətirib çıxara bilən bir çox hallar var ki, onları diqqət mərkəzində saxlamaq lazımdır. Bu halların zamanında aşkarlanması xərçəngin qarşısının alınması üçün vacibdir. Xərçəngönü hallar adətən yoğun bağırsağın divarında kiçik hüceyrə yığıntısı, başqa sözlə, polip kimi özünü göstərir. Poliplər daha çox göbələk formasında olur, amma onun yastı, hətta bağırsağın divarına daxil olan formaları da olur. Sonuncu çox az hallarda rast gəlinir və adətən tapılması çətin olur.

 

Poliplərin aşağıdakı tipləri mövcuddur:
  - Adenomatoz polip. Bu tip poliplər daha çox xərçəngə çevrilmə xüsusiyyətinə malikdir və kolonoskopiya  zamanı asanlıqla müəyyən olunur. Bir çox hallarda bu tip poliplər elə kolonoskopik müayinə zamanı çıxarılır.
  - Hiperplastik poliplər. Bu poliplər az-az rast gəlinsə də yoğun bağırsaq xərçənginin əmələ gəlməsinin risk faktorlarından biridir.
  - İltihablaşmış poliplər. Bu tip poliplər xoralı kolitin yanaşı getməsi şübhəsini də yaradır. Hamısı da olmasa bəzi iltihablaşmış poliplər xərçəngə çevrilə bilər. Ümumiyyətlə, xoralı kolit xərçəng ehtimalını artırır.

 

Risk faktorları
Aşağıda sadalanan faktorlar yoğun bağırsaq xərçənginin əmələ gəlməsi riskini artıra bilər:
  - Yaşın 50-dən çox olması. Tədqiqatlar göstərir ki, yoğun bağırsaq xərçəngi ilə xəstələnən insanların 90%-nin yaşı 50-dən çoxdur. Yoğun bağırsaq xərçəngi gənc insanlarda rast gəlinir, amma onun rastgəlmə tezliyi azdır.
  - Əvvəllər yoğun bağırsaq xərçəngi olan və uğurla əməliyyat keçirmiş insanlar yenidən yoğun bağırsaq xərçəngininə tutula bilərlər.
  - Əvvəllər adenomatoz polipi olan və uğurla müalicə edilmiş insanlarda yoğun bağırsaq xərçənginin əmələ gəlmə ehtimalı mövcuddur.
  - İrsi sindrom. Nəsildən nəsilə keçən bəzi genetik sindromlar  yoğun bağırsaq xərçənginin riskini artıra bilər.

Tədqiqatlar göstərmişdir ki, yoğun bağırsaq xərçəngi olan insanların yalnız 5%-ində belə genetik sindromlar rol oynayır. Bunlardan biri, ailəvi adenamatoz polipoz (FAP- familial adenomatous polyposis) hesab edilir  və az-az rast gılinən bu xəstəlik 90% hallarda 45 yaşından sonra xərçəngə çevrilir. Digər genetik sindrom “irsi qeyri-polipoz kolorektal xərçəng”  sindromu (HNPCC - hereditary nonpolyposis colorectal cancer) adlanır.  Başqa sözlə, Lynch sindromu da adlanan HNPCC FAP-dan daha tez-tez rast gəlinir və erkən yaşlardan xərçəngin əmələ gəlməsinə səbəb ola bilir. Hər iki patologiya genetik tədqiqatlar nəticəsində aşkar edilə bilər. FAP zamanı APC-gene və MUTYH-gene, HNPCC zamanı isə MLH1-gene və MSH2-gene tədqiq edilir.
  - Ailədə yoğun bağırsaq xərçəngi və  yoğun bağırsaq polipi tarixçəsinin olması sizdə də yoğun bağırsaq xərçənginin inkişaf edəcəyini ehtimal etməyə imkan verir. Əgər valideyinlərinizdən birində, bacı və ya qardaşınızda və ya uşağınızda yoğun bağırsaq xərçəngi olmuşsa bu sizində risk qarşısında olduğunuzu göstərir. Əgər birdən çox ailə üzvündə yoğun bağırsaq xərçəngi olmuşsa bu riski daha da artırır. Şübhəsiz ki, bəzi hallarda ailədə bir neçə nəfərin yoğun bağırsaq xərçənginə tutulması irsi və ya genetik faktorlardan deyil ətraf mühit, qidalanma və ya həyat tərzi kimi faktorlardan qaynaqlana bilər.
  - Qidalanma tərzi. Yoğun bağırsaq xərçəngini törədə biləcək faktorlardan biri də  az lifli, yağlı və kalorili qidalanma ola bilər. Qərb ölkələrində olan qidalanma tərzınin inkişaf etməkdə olan ölkələrlə müqayisədə yoğun bağırsaq xərçənginin yaranmasında rol  oynaması tədqiqatlar nəticəsində müəyyən edilmişdir. Maraqlıdır ki, inkişaf etmiş ölkələrdən qərbə üz tutan insanlarda da yoğun bağırsaq xərçənginin rast gəlmə tezliyi artır və qərbdə yaşayanlarla eyniləşir. 
  - Oturaq həyat tərzi. Oturaq həyat tərzi yoğun bağırsaq xərçənginin əmələ gəlməsində rolu olan bir faktor kimi göstərilir. Bu onunla izah edilir ki, qeyri-aktiv həyat tərzi keçirən insanlarda zərərli maddələr yoğun bağırsaqda daha uzun müddət qalır və bağırsaq heceyrələrini zədələyir. Requlyar bədən tərbiyəsi yoğun bağırsaq xərçəngi riskini azalda bilər.
  - Diabet. Diabeti olan və insulinə qarşı tolerant olan insanlarda yoğun bağırsaq xərçənginin rast gəlmə tezliyi artır.
  - Köhlük. Normal bədən çəkisinə malik olan insanlarla müqayisədə kök insanlar arasında yoğun bağırsaq xərçəngi daha tez tez rast gəlinir.
  - Siqaret. Yoğun bağırsaq xərçəngindən dünyasını dəyişənlərin içərisində siqaret çəkənlərin sayı çəkməyənlərdən daha çoxdur.
  - Spirtli içkilər. Spirtli içkilərin requlyar qəbul edilməsi yoğun bağırsaq xərçənginə tutulma ehtimalını artırır. 
  - Boy hormonları ilə bağlı pozğunluqlar. Boy hormonlarının artıq ifraz olması Akromeqaliya törətməsi ilə yanaşı yoğun bağırsaq xərçənginin və yoğun bağırsaq polipozunun yaranmasına səbəb ola bilir.
  - Xərçəng əleyhinə radiasiya terapiyası. Əvvələr olmuş xərçəngə görə qarının radiasiyaya məruz qoyulması  yoğun bağırsaq xərçənginin əmələ gəlmə ehtimalını artırır.
Həkimə nə zaman müraciət etməli
Bağırsaq funksiyasında olan pozğunluqlar, nəcisdə qan, davamlı sancılar, qaz və qarında ağrılar olarsa həkimə müraciət edin.
Yuxarıda sadalanan risk faktorlarından biri olarsa yoxlama məqsədilə həkimə müraciət etməniz tövsiyyə olunur.
Ümumiyyətlə, 50 yaşından yuxarı insanlara hətta heç bir şikayəti olmasa belə yoğun bağırsaq xərçənginin inkar edilməsi üçün təklif edilən skrininq (yoxlama) proqramlarına müraciət etmələri tövsiyyə olunur.

 

Müayinə planı

Həkiminiz sizə aşağıdakı müayinələri təklif edə bilər:
  - Nəcisdə gizli qan. Bu test vasitəsilə nəcisdə ola biləcək gizli qan təyin edilir. Bunun üçün nəcis adətən xəstəxana və ya laboratoriyada götürülür.Nəcisdə qan izlərinin olmaması o demək deyil ki, sizdə yoğun bağırsaq xərçəngi yoxdur. Çünki bir çox hallarda yoğun bağırsaq xərçəngi qanamır və nəticədə nəcisdə qan izləri olmur. Digər tərəfdən nəcidə qan babasil, anal dəlikdə çat kimi patologiyalarla da bağlı ola bilər. Odur ki, həkimiz sizə yoğun bağırsaq xərçəngini inkar etmək üçün digər diaqnostik vasitələr də təklif edəcəkdir.
  - Nəcisdə DNT testi. Bu test imkan verir ki, xərçəng və ya polip hüceyrələrinə xas bir neçə DNT markerləri nəcisdə yoxlanılsın. Nəcisdə DNT testi yoğun bağırsaq xərçəngini daha həssas təyin edə bilir, nəinki polipin olmasını. Test yeni testdir və Azərbaycan laboratoriyalarında geniş yayılmamışdır.
  - Qatlanan Sigmoidskopiya. Həkiminiz qatlanan siqmoidoskop vasitəsilə yoğun bağırsağınızın son 60-70 sm-lik hissəsinə - düz bağırsaq və s-ə bənzər bağırsaqlara baxacaqdır. Bu prosedura adətən bir neçə dəqiqə çəkir. Əgər bağırsaq daxilində hər hansı patologiya tapılarsa həkiminiz sizə kolonoskopiya təklif edə bilər. 
  - Kolonoskopiya. Kolonoskop mütəhərrik bir boru olub işıq, videokamera və işçi kanallarla təmin olunmuşdur. Kolonoskopiya anal dəlikdən başlamış kor bağırsağa qədər bütün yoğun bağırsağın daxilini görməyə imkan yaradır və lazım gələrsə bütün görüntülər viodeolentə köçürülür. Kolonoskopiya zamanı şübhəli nöqtələrdən histopatoliji müayinə üçün toxumada götrülə bilir (biopsiya). Kolonoskopiya əsasən müayinə üsulu kimi düşünülsə də artıq müalicəvi məqsədlərlə də tətbiqi genişlənmişdir. Yoğun bağırsağın genişlənməsi zamanı onun dekompressiyası, xərçəngin ilkin mərhələlərində mukozektomiya (selikli qişanın kəsilib çıxarılması), poliplərin kəsilib çıxarılması kimi proseduralar kolonoskopiya zamanı həyata keçrilə bilər.
  - İkili Kontrastla Rentgen Müayinəsi. Müayinə zamanı kontrast maddəsi olaraq Bariumdan istifadə edilir. Barium və ona əlavə edilmiş hava qarışığı (ikili kontrastlaşma) yoğun bağırsağın daxilini büyüyür və rentgen şüalarına məruz qaldıqdan sonra onun aydın təsviri (bir növ silueti) əldə olunur. Mütəxəsis gözü alınan təsvirdə bağırsaq daxilində olan problemləri müəyyənləşdirə bilir. Amma rentgen müayinəsi bağırsaq daxilində bəzi problemlərin təsvirini verməyə də bilər (məsələn, kiçik poliplər və xərçəng). Odur ki, kolonoskopiya bağırsaq daxilindəki problemlər haqqında daha dəqiq  informasiya verə bilir nəinki rentgen müayinəsi.
  - Kompüter Tomoqrafiyası. Rentgen və kolonoskopiya informativ deyilsə və tapılmış xərçəngin qonşu orqanlara yayılma səviyyəsi müəyyənləşdirilməlidirsə kompüter  tomoqrafiyası tətbiq edilir.
Yoğun bağırsaq xərçənginin mərhələləri
Yoğun bağırsaq xərçənginin mərhələlərinin müəyyənləşdirilməsi düzgün müalicə taktikasının seçilməsi nöqteyi-nəzərindən vacibdir. Mərhələnin müəyyənləşdirilməsi üçün yuxarıdakılara əlavə olaraq döş qəfəsinin rentgen müayinəsi istənə bilər. Yoğun bağırsaq xərçənginin mərhələləri aşağıdakılardır:
  - Mərhələ 0. Xərçəng ilkin mərhələsindədir, yəni özünün ilkin mənbəyi olan selikli qişadan kənara yayılmamışdır. Bu mərhələdə olan xərçəng in situ karsinoma da adlanır.
  - Mərhələ II. Bu mərhələdə xərçəng selikli qişadan bağırsağın divarına sirayət etmiş, amma ondan kənara yayılmamışdır.
  - Mərhələ III. Bu mərhələdə xərçəng bağırsaq divarını aşaraq qonşuluqda olan limfa düyünlərinə sirayət etmiş, amma bədənin digər hissələrinə yayılmamışdır.
  - Mərhələ IV. Dördüncü mərhələdə xərçəng daha uzaqda olan orqan və toxumalara (məsələn, qaraciyər, ağciyər və s.) yayılış olur. Yoğun bağırsaq xərçəngi ən çox qaraciyərə metastaz verir. 
  - Rekurrent (geri dönən) xərçəng. Müalicədən sonra yenidən əmələ gələn xərçəng nəzərdə tutulur və bədənin istənilən yerində tapıla bilər.

 

Müalicə

Yoğun bağırsağı xərçənginin əsas müalicə üsulu cərrahi əməliyyatın həyata keçirilməsidir. Bu zaman yoğun bağırsağın xərçəngə cəlb olunmuş  hissəsi sağlam toxumalar həddində kəsilərək çıxarılır. Bəzi hallarda əməliyyat iki mərhələdə keçrilə bilər. Belə ki, ilkin mərhələdə bağırsağın şişə cəlb olunmuş hissəsi çıxarılır, amma onun tamlığı bərpa olunmur və süni anus yaradılır. Bir müddətdən sonra təkrar əməliyyat edilir və bağırsaq tamlığı bərpa olunur.
Əməliyyatdan sonra onkoloqun nəzarəti atında kimya terapiya və radiloji müalicə aparılması vacibdir. Burada məqsəd visual və instrumental üsullarla təyin edilə bilməyən metastazlarda olan şış hüceyrələrini məhv etməkdir. 
Son zamanlar yoğun bağırsağın ilkin mərhələlərdə (Mərhələ 0) müəyyən olunması hallarında böyük cərrahi əmliyyata ehtiyac qalmır və endoskopik üsulla yoğun bağırsağın xərçəngə cəlb olumuş selikli qişası kəsilərək çıxarılır (mukozektomiya).

 

Profilaktika

Yoğun bağırsaq xərçənginin profilaktikasının ən sınanmış və Avropa ölkələrində geniş tətbiq edilən skrininq proqramlarıdır. 50 yaşını ötmüs hər bir kəs yoğun bağırsaq xərçəngini inkar etmək məqsədilə skrininqdən keçməlidir. Bir neçə  skrininq proqramları mövcuddur. Bu proqramların hər birinin çatışan və çatışmayan cəhətləri var. Bu barədə həkiminiz sizə daha dəqiq tövsiyyə verəcəkdir.
Amerika Xərçəng Cəmiyyətinin 2008-ci ildə təklif etdiyi skrininq proqramı aşağıdakı kimidir:
  - Hər il nəcisdə gizli qanın müayinəsi
  - Nəcisdə DNT testi
  - Hər beş ildə bir dəfə Qatlanan Sigmoidskopiya
  - Hər beş ildə bir dəfə İkili Kontrastla Rentgen Müayinəsi
  - 10 ildə bir dəfə kolonoskopiya
  - Hər beş ildə bir dəfə Kompüter Tomoqrafiyası
Əgər sizdə Yoğun bağırsaq xərçənginin əmələ gəlmə riski (risklərə bax) yüksəkdirsə siz aşağı yaşlarda da skrininqdən keçməlisiniz.
Həkiminizlə yuxarıda təklif edilə skrininq proqramını müzakirə edin, onların hər birinin üstünlüyü və riskini aydınlaşdıraraq yekun qərar verin.
Yoğun bağırsaq xərçəng riskinizi azalmaq üçün əlavə olaraq aşağıdakıları tövsiyyə edirik:
  - Qida rasionunzda meyvə, tərəvəz və taxıl (kəpək, yulaf, arpa, darçın, qarğıdalı) məhsullarını artırın.  Bu məhsulların tərkibində xərçəng əleyhinə təsiri olan vitaminlər, minerallar, liflər və antioksidantlar vardır. Çalışın qidanızda gün ərzində 5 və daha çox meyvə və tərəvəz porsiyası olsun.
  - Qidanınızda yağlı yeməkləri azaldın. Xüsusilədə doymuş (saturasiya olunmuş) yağların istifadəsindən qaçın.  Doymuş yağ saxlayan məhsullara heyvan əti, süd, pendir, dondurma, hind qozu və palmadan alınmış yağlar aid edilir.
  - Bədəninizdə mineral və vitaminləri artəracaq qidalar qəbul edin. Tədqiqatlar göstərmişdir ki, bir çox vitaminlər xərçəng əleyhinə təsirə malikdir. Bunlara  Vitamin B-6, kalsium, fol turşusu, selenim, E vitamini və maqneziumu misal gətirmək olar.
  - Kalsium mənbəyi az yağlı süd və digər süd məmulatları, xərçəng, sardina balığı hesab olunur. Maqnezium daha çox qoz, noxud və paxlada olur.  Vitamin B-6 taxıl və süd məhsullarında, paxlada, ispanaqda, kökdə, kartofda tapılır.  Fol turşusu Vitamin B-9-dan sintez olunur  və çörək suxarısında, yulaf və ondan hazırlanmış məmulatlatda mövcuddur. Vitamin B-9 təbii olaraq tünd yarpaqlı göyərtidə, məsələn, ispanaq və salat-gahıda tapılır. Bundan əlavə, Vitamin B-9 paxlada, yemişdə, qovunda, bananda və portağal şirəsində təbii mövcud olur.
  - Spirtli içki qəbulunu azaltmalı. Qəbul edilən spirtli içkinin miqdarını maksimal azaltmaq lazımdır. Arabir az miqdarda təmiz şərab, pivə və vodkanın qəbulu elə də ziyanlı deyil. Amma spirtli içkinin qəbulu requlyar xarakter alarsa və miqdarı artarsa bu ümumi bədən, eləcə də bağırsaqlar üçün ziyanlıdır. Nəzərə alsaq ki, ölkəmizdə yayılan spirtli içkilərin keyfiyyəti çox aşağıdır, xüsusilə də vodkanın, onların qəbulundan imtina etmək daha məqsədəuyğundur.
  - Siqaretin məhdudlaşdırılması. Siqareti atmağa çalışın, əgər bu mümkün deyilsə həkimə müraciət edin.Həkim sizə siqareti atmanın fərqli yollarını bildirəcəkdir.
  - Davamlı fiziki aktivlik və sağlam bədən çəkisinin saxlanması. Çalışın hər gün ən azı 30 dəqiqənizi bu və ya digər bədən tərbiyəsi fəaliyyətinə sərf edəsiniz. Əgər bu zamana qədər passiv həyat tərzi sürmüsünüzsə fiziki aktivliyinizi tədricən artırın. Bu barədə həkiminizlə məsləhətləşin, o sizə uyğun bədən tərbiyəsi proqramı təklif edəcəkdir.  
Yoğun bağırsaq xərçəng riskini azaldan maddələr 
Son zamanlar aparılan tədqiqatlar müəyyən etmişdir ki, bəzi dərman maddələri yoğun bağırsaq xərçənginin, eləcə də polip kimi xərçəngönü xəstəliklər ehtimalını azaldır. Aşağıdakı dərman maddələrlə bağlı tədqiqatlar daha dürüst nəticələr vermişdir: 
  - Aspirin.   Tədqiatlar müəyyən etmişdir ki, bu və ya digər səbəbdən requlyar aspirin qəbulu yoğun bağırsaq xərçəngi və polipin əmələ gəlməsi ehtimalını azaldır. Amma bu tədqiqatlarda aşağı dozalı və qısa müddətli Asprin qəbulunun eyni effekti verməməsi müəyyən edilmişdir. Davamlı Aspirin qəbulunun antikanser təsiri o demek deyil ki, yoğun bağırsaq xərçənginin profilaktikası məqsədilə həkimin tövsiyyəsi olmadan Aspirin qəbul edilməlidir. Nəzərə alın ki, Aspirin qəbulunun mədə-bağırsaq xorası və qanaxmaları kimi ciddi fəsadları var.
  - Aspirindən əlavə digər qeyri-sterioid iltihabəleyhinə maddələr (NSAİD).  Bəzi tədqiqatlar bu dərmanların (ibuprofen, naproxen) da xərçəng və xərçəngönü xəstəliklər əleyhinə təsir göstərməsi təsdiq edilmişdir.  Aspirində olduğu kimi bu dərmanların da qəbulunun mədə-bağırsaq xorası və qanaxmaları kimi ciddi fəsadları var
  - Celecoxib (Celebrex). Celecoxib COX-2 inhibitoru olub qeyri-sterioid iltihabəleyhinə maddələr kimi ağrıkəsici kimi tətbiq edilir. Tədqiqatlar göstərir ki, COX-2 inhibitorları da yoğun bağırsaq xərçənginin əmələ gəlməsi ehtimalını azaldan dərman maddəsidir.
  - Selenium. Selenium yalnız yoğun bağırsaq xərçənginin deyil qaraciyər, ağciyər və prostat xərçənginin də profilaktikasında vacib rola malikdir. Tədqiqatlar müəyyən edib ki, qanda selenium miqdarı aşağı olan insanlarda onun requlyar qəbulu daha yaxşı xərçəngəleyhinə təsirə malikdir. Seleniumun xərçəng əleyhinə təsiri ABŞ-da ən əsas priventiv tədqiqatlardan biridir.
  - Hormon əvəzləmə terapiyası və kalsium karbonat.Son zamanlar aparılan tədqiqatlar göstərir ki, hormon əvəzləmə terapiyası və kalsium karbonat xərçəng əleyhinə təsirə malikdir.

 

Ədəbiyyat

1. David J Kerr, Annie M Young and FD Richard Hobbs. ABC of colorectal cancer. BMJ Books, 2001.

2. Hawk ET, Levin B: Colorectal cancer prevention. J Clin Oncol 2005, 23(2):378-391.

3. Meyerhardt JA, Mayer RJ:  Systemic Therapy for Colorectal Cancer. N Engl J Med 2005, 352(5): 476-87

4. Rayman MP: Selenium in cancer prevention: a review of the evidence and mechanism of action. Proc Nutr Soc 2005, 64(4):527-542.

Hazırladı: Dr.med.Yaqublu Vüqar

Baxış sayı
Ay ərzində: 42
Bütünlüklə: 2612