Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır   |   Şokolad və kakao öskürək zamanı kömək edir   |   Kompüter uşaqlarda raxit xəstəliyi yaradır   |   Plastik butulkalar uşaqlarda xəstəlik yaradır   |   Depressiya görməni zəiflədir   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Qadınlar kişilərdə nəyi xoşlayır?   |   Yaşın fərqi varmış   |   İnternet qocalmanı sürətləndirir   |   Alimlər bioloji həyatın mənbəyini tapıblar   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Yemiş stressin dərmanıdır   |   Hıçqırıq hansı xəstəliklərə işarədir?    |   Qadınlar yatanda arıqlayır   |   Xərçəngin dərmanı - qara şokolad və qırmızı çaxır!   |   Ana südü xərçəngə qarşı   |   Qadınlarla kişilər eyni cür düşünür   |   Albalı şirəsi yuxunu tənzimləyir   |   İnsulini sprey əvəz edəcək   |   Təbiətdə işləməyin xeyirli tərəfləri   |   Çiyələk gümrahlığı artırır   |   Tənhalıq xərçəngə səbəb olur   |   Qaradərili insanlar daha sakit olurlar   |   Yorğunluğunuzun 7 əsas səbəbi    |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Ramazan ayında necə qidalanmalı?   |   Sitrus içkiləri böyrək daşının qarşısını alır   |   Qadının 4 toxunulmaz nöqtəsi 18+   |   Ev işləri erkən doğum risqini artırır   |   Autizm dünyanın sonu deyil   |   Çox gülən qadınlar tez kökəlir   |   Nə üçün bir çox xəstəliklər payızda kəskinləşir   |   Müasir xanımlar çox yaşayır   |   Uşaqları öpməyin!   |   Kişilərin kompüter oyunlarına marağının sirri açıldı   |   Əsəbiləşmək kişilərin qamətini əyir   |   DNT analizi bütün xəstəlikləri üzə çıxarır   |   Ürək əməliyyatını robot həyata keçirdi   |   Sarımsaq nikotini zərərsizləşdirir   |   Saqqız çeynəməyin faydaları   |   Yasəmən ətri əsəbləri sakitləşdirir   |   Kişilərin futbol sevgisi   |   Xərçəng əleyhinə bakteriya tapıldı   |   Uzunömürlülüyün sirri almadadır   |   Enli budlar sağlam ürəyə işarədir   |   Depressiyanın dərmanı - dondurma   |   Dermatoloq: "Xallar dəyişərək BƏDXASSƏLİ ola bilər"   |   Almanı qabıqlı yeyin   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   
Üçlü sinirin nevralgiyası. Patologiyanın səbəbləri, simptomları, əlamətləri, diaqnozu və müalicəsi.


Trigeminal nevralgiya – üçlü  sinirin  (  üzün  ən böyük hissi  sinirinin  ) xroniki iltihab xəstəliyi olub ,  paroksizmal ağrı  sindromu   ilə xarakterizə olunur.
Həmçinin  bu  xəstəlik  üz  və  ya  trigeminal    (Latinca  “ trigeminus “ -  “ üçlü “   deməkdir ) nevralgiya    da  adlanır  .

Statistika
Trigeminal nevralgiya 100 min nəfərə 40-50 halda rast gəlinir. İl ərzində hər 100 min nəfərə  5 xəstələnmə halı  baş verir.
Statistikaya görə, bu xəstəliyə  daha çox 50 yaşından yuxarı qadınlar məruz qalırlar. Gənclərin xəstələnmə ehtimalı azdır, cəmi bir neçə dəfə məktəbəqədər uşaqlarda  xəstəlik halları təsvir edilmişdir.

Bir neçə maraqlı fakt!
• Trigeminal nevralgiya  idiopatik, yəni yaranma səbəbi  naməlum olan  xəstəliklərə aiddir. İndiyədək   alimlər arasında xəstəliyə gətirib çıxaran səbəblər haqqınada çoxsaylı diskussiyalar keçirilib, lakin konsensus hələ də əldə edilməmişdir .
• trigeminal nevralgiyanın təzahürləri,  diş ağrısına bənzəyə bilər,odur ki, bu cür şikayətləri olan xəstələr çox vaxt ilk növbədə stomatoloqa müraciət edirlər.   Eyni zamanda xəstə, tamamilə sağlam olan bir dişinin ağrıdığını göstərər  ki , bu da həmin dişin   səhvən itirilməsinə səbəb ola bilər.
• Üçlü sinirin nevralgiyasında stress halları ; üzdə və ağız boşluğunda keçirilmiş cərrahi əməliyyatlar ağrı sindromunun  müvəqqəti  zəifləməsinə  (bir neçə aya qədər)  kömək edə bilir .
• Adi qeyri-narkotik analgetiklər üçlü sinirin nevralgiyasının  müalicəsində effektiv deyil. Onlar yalnız müvəqqəti olaraq ağrını kəsir  və  getdikcə   daha  az təsir göstərirlər .
•Trigeminal nevralgiyalarda olan dözülməz ağrı sindromu   xəstənin əsəb sisteminə  pozucu təsir göstərərək, depressiya, həyəcan, aqressiv hallar , psixozlara  gətirib çıxara  bilər.
• trigeminal nevralgiyada  ağrı tutmasının  başlanmasına  hətta yüngül  bir  toxunuş, məsələn , üzə  krem çəkilməsi  səbəb ola bilər.

Üçlü sinirin  nevralgiyasının  səbəbləri
Trigeminal nevralgiyanın  yaranma  mexanizminə görə  bu patologiya  birincili və ya həqiqi ( yalnız üçlü sinirin təcrid olunmuş zədələnməsi ) və   ikincili  (sinir sisteminin sistem xəstəliklərinin  bir simptomu  kimi təzahür edən nevralgiya kimi )  ola bilər.
Trigeminal nevralgiyanın  dəqiq səbəbi yuxarıda qeyd olunduğu kimi, indiyədək aydınlaşdırılmadığı üçün   idiopatik  xəstəliklərə  aid edilir . Lakin bu xəstəliyin inkişafına ən çox səbəb olan amillər ayırd edilir .

Üçlü sinirin nevralgiyasının  inkişafına kömək edən amillər:


1. Üçlü sinirin  və ya onun şaxələrinin  kəllə qutusunda   və ya onu tərk etdikdən sonra kompressiyası :
- Beyin damarlarının  genişlənməsi : anevrizmalar (anormal damar genişlənməsi), ateroskleroz, hemorragik və işemik insult , onurğanın boyun nahiyəsinin  ostexondrozu nəticəsində   kəllədaxili təzyiqin artması ,  damar inkişafının  anadangəlmə anomaliyaları və s.  trigeminal nevralgiyanın  ən geniş yayılmış  səbəblərindəndir ;
- Üçlü  sinirin  şaxələri  boyunca baş  beynin və ya üz nahiyəsinin şişləri ;
- Travmalar  və travmadan  sonrakı  çapıqlar ;
- Gicgah-çənə oynağı nahiyəsində baş verən  travmalar ;
- İnfeksion- iltihabi  proses nəticəsində birləşdirici toxumada birləşmələrin  ( adheziya ) yaranması ,  skleroz nəticəsində  sinir liflərinin  mielin qişasının  dağılması .
- Kəllənin sümük strukturlarının inkişafında anadangəlmə  anomaliyalar .


2.  Sinirin virus mənşəli  zədələnmələri: herpes infeksiyası ,  poliomielit , neyro-QİÇS .



3. Sinir sisteminin xəstəlikləri:
- Dağınıq skleroz ;
- Uşaq  serebral iflici  ( USİ ) ;
- Meningit, meningoensefalit ( virus , vərəm mənşəli ) ;
- Epilepsiya ;
- Başın  travmaları ,  infeksion proseslər , beynin oksigen və qida maddələri ilə təminatının çatışmazlığı nəticəsində  yaranan  ensefalopatiyalar ;
- Üçlü sinirin nüvələri və lifləri nahiyəsində beyin şişiləri  və qan  dövriyyəsinin pozulması və s .

4. Odontogen səbəblər (dişlərlə əlaqəli):
- Dişlərin pis plomblanması və ya çəkilməsi ; üz nahiyəsində və ağız boğluğunda   cərrahi müdaxilələrin  aparılması ;
- Diş kanalların anesteziyasına orqanizmin  reaksiyası ;
- Dişlərin zədələnməsi ilə müşayiət  olunan  çənənin travmaları ;
- Xəstə diş ətinin iltihabı .


Trigeminal nevralgiyanın  inkişaf riskini artıran amillər:
• xəstənin yaşının  50-dən  yuxarı olması ;
• ruhi xəstəliklər ;
• xroniki yorğunluq ;
• stress ;
• üzün hipotermiyası ( məsələn , yelçəkənlərdə ) ;
• avitaminozlar ( xüsusən də B  qrupu  vitaminlərinin çatışmazlığı ) ;
• metabolik  pozğunluqlar : podaqra , şəkər xəstəliyi , qalxanabənzər vəzinin xəstəlikləri  və digər endokrin xəstəlikləri ;
• helmintozlar  ( parazit qurdlar ) ;
• Aclıq , bağırsaqlarda  qida maddələrinin sorulmasının pozulması ,  bulimiya, anoreksiya ;
• Haymor ciblərinin və digər burunətrafı ciblərin  selikli qişasının  ödemlı  iltihabı  ( xroniki sinusitlər ) ;
• ağız boşluğunda iltihablı proseslər və irinli ocaqlar  ( abses , fleqmona ) – gingivit , pulpit ;
• kəllə sümüklərinin, xüsusən də  çənələrin irinləməsi ( osteomielit ) ;
• ağır intoksikasiya ilə  keçən  kəskin və xroniki infeksion xəstəliklər : malyariya, sifilis, vərəm, brusellyoz, botulizm, tetanus və s.
• autoimmun  xəstəlikləri ;
• ağır allergik xəstəliklər.

Üçlü  sinirin  nevralgiyasının   patogenezinin mexanizmi
Trigeminal nevralgiyanın inkişafının patogenezinə gəldikdə, dünyada bir çox alimləri bu mövzunu  uzun illərdir ki ,  müzakirə edirlər . Üçlü  sinirin nevralgiyasının   başlanmasına səbəb olan amillərə   görə ,  onun inkişaf mexanizminin iki nəzəriyyəsi təklif olunur :

1. Miyelin qişanın  məhv olması
Nevralgiyanın  mümkün olan bütün səbəbləri uzun müddətli təsir edərsə ,  sinir liflərinin miyelin qişasına  (qismən və ya tamamilə) zərər verə bilər. Mielin qişası  oliqodendrositlərin  Şvann hüceyrələri ilə  əvəz  olunduğu , daha dəqiq desək ,  mərkəzi sinir sistemi liflərinin periferik  sinirlərə keçdiyi yerdə   təsirlərə  xüsusilə həssasdır. Miyelin  qişasının  zədələnmə  prosesi demyelinasiya adlanır.

Bu zaman  sinir lifi müdafiəsiz  bir  vəziyyətə düşür . Sinir impulsları   sinir lifinin hüdudlarından kənara  “ axıb gedir “  və  yaxınlıqdakı  sinir liflərinə yayılır. Nəticədə neyronların güclənmiş  qıcıqlanması  və ağrı sindromunun yaranması baş verir .
Trigeminal nevralgiya  zamanı ,  adətən sinirin hərəki funksiyası pozulmur , onların  hissiyyatı da  saxlanılır . Belə ki ,  sinir impulsun  keçirilməsi üçün  ciddi bir  maneə  mövcud  deyil .
Sinir liflərinin miyelin qişası  zədələndikdə ağrı sindromunun  daimi deyil , tutmaşəkilli xarakter daşımasının səbəbi sonadək aydınlaşdırılmamışdır .

2.Mərkəzi  sinir sistemi tərəfindən  üçlü  sinirinin  fəaliyyətinin tənzimlənməsinin pozulması
Üçlü  sinirin   liflərinin  zədələnməsi onun hissi şaxələrindən keçən sinir impulslarının tormozlanmasına  səbəb  olur . Bu, orta və arxa beyində  trigeminal sinir nüvələrinin qıcıqlanmasının artmasına  səbəb olur. Nəticədə  ağrı  sindromu yaranır .
Üçlü  sinirin zədələnməsinin beyin qabığında  epileptik ocaqların  inkişafına gətirib çıxara biləcəyi təcrübi olaraq sübut edilmişdir. Bu nəzəriyyənin lehinə,  epilepsiyada istifadə olunan qıcolma əleyhinə preparatların  trigeminal nevralgiyanın   müalicəsində effektli  olması  şahidlik edir .
Hər bir nəzəriyyədə "qaranlıq  ləkələr" olsa da, ağrı sindromunun inkişafında   hər iki mexanizminin meydana gəlməsi, yəni bir-birinin ardıcıl şəkildə təqib etməsi  ehtimal edilir. Məhz buna görə , trigeminal nevralgiyanın  müalicəsi sinir liflərinin myelin qişasının bərpası  və   baş beyində  sinir proseslərinin tormozlanmasına  doğru    yönəldilmiş   kompleks  şəklində  olmalıdır .

Üçlü sinirin  nevralgiyasının simptomları
Üçlü sinirin  nevralgiyasının  əsas simptomu  üz nahiyəsində  ağrının olmasıdır ,  lakin xəstəliyin  digər   simptomları   və  ağırlaşmaları  da mövcuddur  ki ,  onlar  dözülməz ağrı  kimi  naratlıq   yaratmasalar da    əlavə bir simptom kimi    trigeminal nevralgiya diaqnozunun  təsdiq olunmasına  böyük yardım  göstərə bilər.
Üz  nahiyəsində ağrı .  Ağrı sindromu adətən   üzün  yalnız bir yarısında meydana gəlir. Ağrı  tutmaşəkilli  və  ya  paroksizmal  adlanır . Ağrı  tutmaları   sakitləşmə  dövrü  ilə   növbələşirlər . Ağrı dözülməz , ötücü  xarakterli  olur ,  onu  tez-tez elektrik şoku ilə müqayisə edirlər .  Bu anlarda xəstə  tutmanın  başladığı mövqedə donub qalır ,  hərəkət etməməyə çalışır, əllərini ağrının lokalizasiyası yerinə  sıxır. Ağrı  tutmaları  bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edir . Sakitləşmə  periodu    bir neçə saatdan bir neçə aya qədər çəkə   bilər . Bəzən  xəstəliyin   atipik  gedişi  və ya  uzun müddət  müalicə olunmadığı  hallarında   üz və baş ağrısı demək olar ki , daimi  olur . Xəstəliyin müddəti  artdıqca ,  tutmaların davam etmə  müddəti də  artır ,   remissiya  periodu   isə  qısalır .
Ağrı adətən qıcıqlandırıcı amillərə məruz qaldıqdan sonra yaranır . Üzdə ağrı tutmasının  başlaya biləcəyi   trigger ( tətik )  adlanan   ( ədəbiyyatda alqogenik  termini  də işlənilir ) nahiyələr  vardır  ki ,  onların  azacıq  qıcıqlanması  nəticəsində  ağrı tutması yarana bilir .  Bu  zaman  tutma  zamanı bu nöqtələrə kobud bir təsir , çox vaxt  onun dayandırılmasına gətirib çıxarır.

Trigger ( Tətik ) nöqtələrinin lokalizasiyası fərdidir :
• dodaqlar,
• burun qanadları,
• qaşlar,
• çənənin orta hissəsi,
• çənə - gicgah  oynağı,
• yanaqlar,
• xarici  qulaq keçəcəyi,
• ağız boşluğu: dişlər, yanaqların  daxili  səthi ,  damaq , dil.

Ağrı  həmin  nöqtələrin  güclü  zərbə  və  ya   digər  kobud  amillər  nəticəsində  qıcıqlandırilması  zamanı , həm  də  əhəmiyyətsiz  səbəblərdən :

• qışqırıq,
• gülüş , təbəssüm,
• söhbət,
• çeynəmə aktı , qida  qəbulu,
• havanın  temperaturunun dəyişməsi , yelçəkən,
• əsnəmək , asqırmaq,
• dişlərin təmizlənməsi,
• əl –üzün  yuyulması,
• krem  və  makiyajın  çəkilməsi  ,
• üzün təraş edilməsi  və s.  yarana bilər .

Ağrının  lokalizasiyası :

• Baş, göz qapaqlarının və göz ətrafının, burunun, başın gicgah- təpə  nahiyəsi - üçlü   sinirin göz şaxəsi  zədələndikdə .
• Üst dişlər, əng  nahiyəsi , yuxarı dodaq və yanaqlar - üçlü sinirin  maksillyar  şaxəsi  zədələndikdə .
• Alt  dişlər ,   çənə  nahiyəsi ,  alt  dodaq ,  ön  qulaqətrafı  nahiyə -  üçlü sinirin mandibular şaxəsi  zədələndikdə .
• Üzün bütün yarısı -  Üçlü  sinirin bütün şaxələri  zədələndikdə   və  ya   nevralqiyanın mərkəzi   mənşəli  ( beyin şişi və s. )  səbəbləri  zamanı .

Üzün və buynuz qişanın  qözarması ,  tüpürcək ifrazının artması ,  gözün yaşarması , burundan selikli ifrazatın gəlməsi .  Bu simptomlar  zədələnmiş  tərəfdə  lokallaşmış olur  və ağrı tutması zamanı  müşahidə  edilir .   Üzün hiperemiyası  ;  tüpürcək ,  göz yaşı   və burnun  selikli vəzilərinin  ifraz etmə funksiyalarının güclənməsi  vegetativ  sinir sisteminin pozğunluqları ilə bağlıdır . Belə ki , vegetativ sinir lifləri   üçlü  sinirin  şaxələrinin   hissi   liflərinin tərkibinə  daxildir .
Üz əzələlərinin tremoru .   Üz əzələlərinin  səyriməsi   ağrı  sindromu  zamanı  yaranır  və  zəif  ifadə  olunmuş  lokal qıcolmaları  və  ya  sinir  tiklərini  xatırladır . Bu  zaman  çeynəmə  və mimiki əzələlər prosesə cəlb olunur .  Göz qapaqlarının spazmı ilə əlaqəli  olaraq ,  xəstə tərəfdə göz  yarığının  daralması  müşahidə  edilə  bilər . Əzələ səyrimələri  güclənmiş oyanıqığın reflektor olaraq      üçlü sinirin  hərəki  liflərinə   və üz  əzələlərini  innervasiya  edən     digər kəllə - beyin  sinirlərinə   yayılması  səbəbindən  baş  verir .

Psixi  pozğunluqlar .  Xəstələr  əsəbi  olmağa başlayırlar ,  qorxu və narahatlıq  hissi  əmələ gəlir . Gülməyin , danışmağın  , qida qəbulunun ağrı sindromunun inkişafına gətirib çıxarması  nəticəsində  xəstə  qapalı olur , danışmır ,   yeməkdən imtina  edir . Ağır hallarda intihar meylləri meydana çıxa bilər .   Xəstədə  psixi  pozğunluqlar tez–tez  baş  verən  dözülməz ağrı  tutmaları ,  xəstəliyin    illər  boyu  davam  etməsi  ,  tətik  zonalarının  kiçicik  bir  səbəbdən  qıcıqlanması  fonunda  ağrı  tutmalarının  yaranması  nəticəsində  əmələ  gəlir  . Xəstələrdə   apatiya, psixoz, fobiya, depressiya və s.  yaranır  .
Üzün həssaslığının pozulması (paresteziya) .  Zədələnmiş tərəfdə „ iynə  batması” , „ qarışqa gəzməsi “ hissiyyatı .  Karies və pulpit  zamanı yaranan küt , sızıldayan diş ağrıları əmələ gələ bilir  ki , bu da həmin xəstələri stomatoloqa müraciət etməyə məcbur edir . Bəzən üçlü sinirin şaxələri  boyunca dəri həssaslığının olmaması müşahidə edilir . Bu simptom xəstələrin üçdə birində rast gəlinir  və ümumiyyətlə , yaxınlaşan ağrı tutmasını  ( paroxizmdən bir neçə gün və ya bir neçə ay əvvəl ) qabaqcadan xəbər verən  bir əlamət olur . Paresteziyalar sinir liflərinin miyelin qişasının geniş  yayılmış məhvi ilə  bağlıdır və bu  proses  hissi sinir lifləri boyunca sinir impulslarının  ötürülməsinin pozulmasına  və  onların  oyaniqlığının  güclənməsinə   səbəb   olur.
Qan dövranının və limfanın drenajının pozulması (trofik dəyişikliklər) .
• üzün asimmetriyası,
• ağız küncünün qalxması,
• qaşların, yuxarı göz qapağının enməsi,
• üzün sağlam tərəfində əzələ gərginliyi,
• dərinin quruması  və qabıq  verməsi,
• qırışların yaranması,
• kirpiklərin  və  qaşların tökülməsi,
• dişlərin tökülməsi ( paradontoz ),
• gicgah və alın  nahiyələrində saçların tökülməsi ,  saşların lokal şəkildə ağarması, 
• çeynəmə  əzələlərin zəifliyi.
Üçlü  sinirin  gedişi  boyunca trofik xəstəliklər xəstəliyin  yaranmasından  bir neçə il  sonra baş verə bilər. Üzün əzələlərinin  və  dərisinin  üçlü  sinir  tərəfindən  innervasiyasının pozulması ,  uzun sürən və tez-tez  baş  verən  ağrı tutmaları  nəticəsində    üzün  zədələnməyə   məruz qalmış  tərəfində   qan dövranı və limfa  drenajının   pozulması müşahidə edilir . Bu ,  toxumaların  qidalanmasının  pozulmasına  ( oksigen və qidalı maddələrin çatmamazlığı )   gətirib çıxarır . Tətik  zonalaranı  qıcıqlandırmamaq üçün , xəstə  üzün zədələnmiş tərəfini gücə salmamağa çalışır  :  qidanı  sağlam tərəfi ilə çeynəyir , ağzını geniş açmır ,  gülümsəmir və s .  Nəticədə  bu ,   çeynəmə və üz əzələlərinin  atrofiyasına   (əzələ  toxumasının  kütləsinin  azalması , onların funksiyasının zəifləməsi  ) ,  bu  isə  öz növbəsində üz əzələlərinin  və  dərisinin  trofikasının pozulmasına   gətirib çıxarır.

Trigeminal  nevralgiya  adətən  birtərəfli  inkişaf edir  və  çox  vaxt  sağtərəfli  olur  . Xəstəliyin gedişatı ilə ağrının lokalizasiyası dəyişmir . Yalnız baş  beynin ağır patologiyaları  zamanı  prosesin üzün ikinci yarısına yayılması  mümkündür.

Üçlü  sinirin   nevralgiyasının   diaqnozu

Nevropatoloqun  müayinəsi
1.  Həyat  anamnezi :  üçlü sinirin nevralgiyasına səbəb ola biləcək amillər və xəstəliklər ( şişlər, baş  beynin damar patologiyası , keçirilmiş xəstəliklər , ağız boşluğunda  və ya üz nahiyəsində aparılmış  cərrahi müdaxilələr və s . ) .

 

2.  Xəstəlik  anamnezi :
- xəstəliyin başlanğıcı kəskin , qəflətidir . Xəstələr aydın şəkildə xatırlayırlar ki ,  ilk dəfə harada və  hansı  şəraitdə   paroksizmal ağrının   birinci  tutması  başlamışdır,
-  ağrı tutmaları remissiya dövrləri ilə əvəz olunur,
-  ağrı sindromu , üçlü  sinirin tətik  bölgələrindən birinin  kiçik  bir qıcıqlanması  nəticəsində yaranır,
-  proses birtərəfli xarakterlidir,
-  ağrılar  iltihab əleyhinə və analgetik  preparatlar tərəfindən dayandırılmır.

3. Şikayətlər : qəflətən tətik  zonalarının qıcıqlandırılmasından sonra başlanan  dözülməz ağrı  tutmaları  və trigeminal nevralgiyanın  digər simptomları  ( yuxarıda  sadalanmışdır ) barəsində olur .

4.  Tutmalararası  dövrdə  obyektiv müayinə :
-   Xəstənin  ümumi vəziyyəti  adətən  qənaətbəxş olur , huşu aydındır , nevrotik hallar və xəstənin psixi vəziyyətinin pozulması ola bilər .
-  müayinə  zamanı  xəstə   tətik nahiyələrinə   toxunmağa icazə vermir ,  özü  isə  ağrıyan  yeri  dəri və ya selikli  qişalara    barmaqları  ilə  toxunmadan  göstərir .
- Dəri  örtüyündə adətən dəyişiklik olmur . Xəstəliyin ağır və uzun müddətli gedişi zamanı   dərinin quruması və qabıq verməsi ,  qırışlar ,  üzün  asimmetriyası ,  ptoz  və üz əzələlərinin atrofiyasının  digər simptomları ola bilər . Görünən  selikli qışalar  dəyişiksizdir .
- bəzən üzün dərisinin  həssaslığının pozulması  (paresteziya) qeyd edilir .Adətən   müayinə  zamanı  daxili orqanlar ( ürək-damar, tənəffüs, həzm və  orqanizmin  digər sistemləri )  tərəfindən  patoloji dəyişikliklər yoxlama zamanı aşkar  edilmir .
- mərkəzi sinir sisteminin patologiyası  olmadıqda   üçlü  sinirin  nevralgiyası  olan xəstələrdə  nevroloji  statusda  dəyişikliklər  qeyd  edilmir . Meningeal  qişaların  iltihab əlamətləri ( meningeal  simptomlar )  və  patoloji reflekslər  qeyd  edilmir .
Baş  beynin  patologiyası  ocaqlı  simptomatika  qeyd  edilə   bilər (məsələn, yuxarı göz qapağının  enməsi   və  ya ptoz , bəbəklərin ölçülərində  fərq   və ya anizokariya ,   xəstənin məkanda  oriyentasiyasının  pozulması  əlamətləri ,  tənəffüsün  tezliyinin  və  keyfiyyətinin  dəyişilməsi ,  bağırsağın  parezi  və  orta  beynin  və  arxa  beynin  zədələnməsinin  digər   spesifik   nevroloji   simptomları  ) . Bu  cür   simptomatikanın   aşkar edilməsi  baş  beynin   əlavə   instrumental    müayinələrinin  aparılmasını   tələb edir  .

5. Paroksismal ağrı tutması zamanı xəstənin obyektiv müayinəsi:
-  ağrı üçlü sinirin  tətik  zonalarına  təsir etdikdən  sonra baş verir və ağrı yalnız trigeminal sinirin  şaxələri  boyunca yayılır  .
-  xəstənin aldığı vəziyyət :  donub qalır  və ya əlləri  ilə  üz əzələlərini  ovuşdurmağa  çalışır , suallara   cavab  vermir  və  ya   qısa ifadələrlə  cavab  verir  . Bu  zaman  xəstənin  siması   çox  qorxmuş   və əzabkeş  bir ifadə  alır  .
-  üz  dərisi  tərləyir ,  xəstə  tərəfdə  üzün  dərisi  və  buynuz  qişaları  qızarır , göz  yaşı  ifrazı  artır ,   ağız  suyu  ifrazının  güclənməsi  səbəbindən  xəstə tez-tez  tüpürcəyini  udmaq  məcburiyyətində  qalır ,    burundan külli miqdarda   selikli  ifrazatın  gəlməsi  qeyd  edilir .
- Birtərəfli  olaraq   mimiki   əzələlərin  səyriməsi  əmələ  gələ  bilər .
-  xəstənin  tənəffüs sürəti azalır  və  ya  əksinə ,  artmış olur .
-  Nəbz sayı  artır ( dəqiqədə 90-dan çox ) , qan təzyiqi dəyişmir və ya bir az artır.
- Üçlü   sinirin  tətik  nöqtələrini basarkən, ağrı  tutması  müvəqqəti dayandırıla bilər.
-  Üçlü   sinirin  Novokain  blokadası  zamanı ( üçlü   sinirin   şaxələri  boyu  Novokainin  yeridilməsi ) ağrı  tutmasını  müvəqqəti  olaraq  kəsmək  olur  .
Diaqnoz  spesifik   şikayətlər ,  tətik   zonalarının  mövcudluğu ,  ağrının  üçlü  sinirin  şaxələri  boyunca  yayılması ,    yuxarıda  sadalan   simptomların  ağrı  tutmaları  zamanı  yaranması , obyektiv   müayinə , instrumental  diaqnostikanın  nəticələrinə  əsasən  qoyulur .

Instrumental  müayinə  metodları
Baş  və onurğa beyininin  Maqnit - rezonans  tomoqrafiyası  ( MRT )
MRT   baş  beynin strukturlarını , onun damarlarını , kəllə-beyin sinirlərinin  nüvələrini  və   şaxələrini  müayinə  etmək   üçün ən informativ  metoddur .
Bu üsul  vizualdır  ( yəni biz kağız  üzərində  və   ekranda  dəqiq üçölçülü təsvir  alırıq ) .  Lakin ,  rentgenoloji  müayinədən fərqli olaraq ,  MRT  maqnit şüalanmasına əsaslanır . Yəni , xəstə üçün təhlükəsizdir.
Üçlü  sinirin  nevralgiyasına   şübhə varsa ,  MRT  müayinəsi   beyin şişlərini, damar xəstəliyini, diffuz  və ya  dağınıq  sklerozu  və xəstəliyin digər mümkün səbəblərini aşkar etmək və ya  istisna etmək  üçün  lazımdır .
Beyin damarlarının patologiyasını daha dəqiq öyrənmək üçün damarlara  kontrast maddənin  vurulması  ( angioqrafiya )  ilə  MRT  tətbiq  olunur .

Metodun mənfi cəhətləri:


•  müayinənin  bahalı  olması;
• Əks göstərişlər:  bədəndə  metal obyektlərin olması ( qəlpələr ,  kardiosimulyatorlar , mürəkkəb sümük sınıqları zamanı osteosintez üçün istifadə edilən metallic lövhəciklər , metallik  diş protezləri  və diş   tacları ) , ağır psixi xəstəliklər , klaustrofobiyaıar .

Komrüter  tomoqrafiya  ( KT )
KT -  rentgenoloji  diaqnostika  metodu olub , baş  və onurğa beyni strukturlarının  laylarla    vizualizasiyasına  imkan  verir . İmformativliyinə görə   MRT-dən bir qədər geri qalır . Belə ki ,   MRT  üçölçülü   bir görünüş ,  KT  isə   yalnız  ikiölçülü  bir  görünüş  yaratmağa  imkan  verir . KT müayinəsi  sinir sisteminin  trigeminal nevralgiyanın  inkişafına səbəb ola bilən  xəstəliklərini  aşkar  edilməsinə  imkan  verir .
Kompüter  tomoqrafiyanın əsas mənfi  cəhəti böyük radiasiya  yükü və yüksək qiymətdir ( lakin KT üsulu MRT-dən  daha ucuzdur ).

Elektroneyroqrafiya
Elektroneyroqrafiya  -  sinir sisteminin instrumental  müayinə metodu olub ,  periferik sinirlərin  lifləri boyunca  elektrik cərəyanının  ( impulsların ) ötürülmə  sürətini   müəyyən etməyə   imkan verir .
Elektroneyroqrafiya  nəyi  müəyyən  edir ?
• sinirin  zədələnməsini,
• zədələnmənin  səviyyəsini ( topic diaqnostikanı ),
• zədələnmənin  patogenezini  ( miyelin qişasının  və ya aksonun  zədələnməsini ),
• prosesin yayılma dərəcəsini .
Üçlü  sinirin nevralgiyası  zamanı  hansı dəyişiklikləri  aşkar etmək  olar ?
      • trigeminal nevralgiyanın  patogenezində  əsas amil olan  demiyelinizasiya  ( aksonların miyelin  qişasının  zədələnməsi ),
• Sinir sisteminin xəstəliklərini  differensiasiya  etməyə imkan verən   digər  mənşəli  sinir zədələnmələri  üçün   xarakterik olan  başqa növ  sinir dəyişikliklərini .

Elektroneyromioqrafiya  (ENMG)
ENMG – elektroneyroqrafiyanın  bir  növü  olub ,   periferik  sinir  boyunca  elektrik  cərəyanının  yayılma  sürətinin  tədqiq  edilməsinə  parallel olaraq , həmin sinirlə innervasiya olunan əzələnin reaksiyasını  öyrənməyə   imkan verir .
Elektroneyroqrafiyanın  müəyyən etdiyi  parametrlərlə  yanaşı ,  ENMG   ağrıya  tolerantlığı  və   üçlü  sinirin  mümkün ola bilən tətik zonalarının  həssaslıq dərəcəsini , həmçinin   sinirlərin oyanıqlığının  güclənməsinə  cavab  olaraq   əzələ  liflərinin  yığılma  dərəcəsini   müəyyən edir .

Elektroensefaloqrafiya  ( EEQ )
EEQ – sinir sisteminin  diaqnostika  metodu  olub ,  xüsusi aparat -  elektroensefaloqraf vasitəsilə  baş  beynin bioloji elektrik aktivliyini qeyd edərək , onları əyri xətlər şəklində kağız üzərində əks etdirir . Bu  üsul bizə impulsların  ötürülməsinin  konkret  olaraq    hansı  strukturlarda  pozulduğunu  müəyyən etməyə imkan verir.

Üçlü  sinirin nevralgiyasının  paroksizmal  tutması  zamanı EEQ  nəyi  aşkar edir ?
• sinxronizasiya edilmiş və ya sinxronizasiya edilməmiş növlərdə əyrilərin  dəyişməsi ;
• arxa  və orta  beyində ,  üçlü  sinirin  nüvələrinin  yerləşdiyi  nahiyələrdə  epilektik  ocaqların  olması əlamətləri .

Üçlü  sinirin nevralgiyasında dar ixtisas mütəxəssislərinin  əlavə məsləhətləri :


• LOR -  burun-udlağın  xroniki xəstəliklərini  aşkar  etmək   və zərurət yarandıqda  müalicə etmək lazımdır .
• Neyrocərrah - nevralgiya inkişafına gətirib çıxara bilən  mərkəzi sinir sisteminin patologiyası aşkar  edildikdə ,   cərrahi müalicəyə   ehtiyacın  olması  məsələsini həll etməlidir .
• Stomatoloq – üçlü sinirin nevralgiyasının  diş xəstəlikləri ilə differensiasiyasını aparmaq  və  lazım gələrsə , ağız boşluğunun sanasiyasının  icra  edilməsi .

Laborator  tədqiqat   üsulları
Üçlü  sinirin  nevralgiyası   zamanı  laborator diaqnostika  çox informativ deyil ,  ümumiyyətlə qan və digər bioloji mayelərin biokimyəvi göstəriciləri norma  daxilində olur .  Hal hazırda  üçlü   sinirin   nevralgiyası   da   daxil olmaqla ,  nevralgiyanı  əks  etdirən  spesifik laborator göstəricilər   mövcud  deyil .
Nevralgiyanın  müalicəsi üçün dərmanların  qəbul  edilməsi  fonunda orqanizmin  onlara   tolerantlığına   nəzarət etmək  vacibdir . Bunun üçün periodik olaraq qaraciyərin biokimyəvi testlərini ,  sidik və qanın  ümumi analizini aparmaq lazımdır .
Meningeal  qişaların  iltihabı  əlamətləri  ( meningeal  simptomlar )  olduqda  onurğa  beyninin  puksiyasını  və  bu  müayinə  nəticəsində  əldə  edilən serebrospinal mayenin   laborator tədqiqatını   keçirmək lazımdır. Bu ,  meningit  diaqnozunu  istisna etmək üçün  lazımdır .
Üçlü sinirin  herpetik zədələnməsi  zamanı  herpesin  I ,  II ,  III  növlərinə  İmmunoqlobulin  A ,  M , G- in   səviyyələrini  nəzarətdə  saxlamaq  lazımdır .

Üçlü  sinirin  nevralgiyasının  müalicəsi
Trigeminal  nevralgiyanın  müalicəsi  kompleks  şəklində aparılmalıdır:
• trigeminal nevralgiyanın  inkişafına  gətirib  çıxaran   səbəblərin aradan qaldırılması.
• mərkəzi sinir sisteminin qıcıqlanmasının azaldılması .
• zədələnmiş  üçlü  sinirin   miyelin  qişasının  bərpasının  stimullaşdırılması -  hal- hazırda mielin qişasını  tam  bərpa  etməyə kömək edən dərman vasitəsi mövcud deyil , belə bir effektiv preparatın  yaradılması üçün dünyanın bir çox alimləri çalışırlar . Lakin miyelin qişasının bərpasını stimullaşdıran bəzi tədbirlər həyata keçirilir  ;
• üçlü  sinirin  şaxələrinə  və  tətik  zonalarına  fizioterapevtik üsullarla  təsir  .

Trigeminal  nevralgiyanın  dərmanlarla   müalicəsi
1. Antikonvulzanlar  ( preparatın  seçimi  və dozanın təyini   fərdi  olaraq   həyata keçirilir ) .

Təsir mexanizmi :
• antiepileptik,
• psixotrop təsir,
• trigeminal nevralgiyada ağrı  tutmalarını   dayandırmaq  və  qarşısını almaq.
Onların əsas  təsiri -  sinir impulslarını ötürən akson membranının natrium - kalium kanallarının sabitləşdirilməsidir . Bunun  nəticəsində ,   üçlü  sinirin  liflərinin  və   onun  baş  beynin   orta  və  arxa  şöbələrində   yerləşən   nüvələrinin  oyanıqlığının  azalması əldə  olunur  .
Digər  effektləri  :  Qlütamatatın ( sinir impulsunun  tormozlanmasına  səbəb  olan  neyromediator ) ifrazı    və  sinir liflərinin oyanıqlığına səbəb olan neyromediatorların ( Dofamin  və  Noradrenalin ) sintezini  tormozlayır  .
Diqqət edin! Antikonvulsant preparatlar psixotrop dərmanlara aiddir və bir çox əlavə  təsirləri  mövcuddur .  Odur  ki ,  onlar aptekdə   yalnız  həkimin  resepti  ilə  satılırlar  .
- Karbamazepin ( Finlepsin ) . Preparat tədricən , kiçik dozalarla verilməyə başlayır , sonradan dozanı artırırlar .  Müalicəni  sutkada 2 dəfə , 100-200 mq-dan başlayırlar , sonradan dozanı sutkada 400 mq-dan 2-3 dəfə , ağrı tutmaları kəsənədək artırırlar . Sonradan dozanı müalicəvi effekti sabit saxlamaq məqsədilə sutkada 2 dəfə , 100-200 mq – a qədər   azaltmaq  mümkündür. Müalicə uzun  müddətlidir .
- Fenitoin ( Difenin ) . Müalicəni sutkada hər kq-a  3-5 mq dozadan başlayırlar . Sonra dozanı sutkada 200-500 mq-a qədər artırırlar . Təyin olunmuş dozanı bir dəfəyə və ya  sutkada  2-3 dəfə , mütləq  yemək  vaxtı  və  ya  yeməkdən  sonra  qəbul  etmək  lazımdır  . Müalicə uzun müddətlidir  .
- Lamotricin . Başlanğıc doza – sutkada 1 dəfə , 50 mq – dır . Sonradan dozanı sutkada 2 dəfə , 50 mq – a  qədər artırırlar . Müalicə uzun müddətlidir .
- Qabantin . Bu preparatın təsir mexanizmi sonadək aydınlaşdırilmamışdır . Lakin onun üçlü sinirin  nevralgiyasının  müalicəsində yüksək effektivliyi  təcrübi  yollarla  sübuta yetirilmişdir .   Başlanğıc doza – sutkada 300 mq-dır , maksimal doza – sutkada 1800 mq – dır . Preparat sutkada 3 dəfə qəbul olunur .
- Stazepin . Başlanğıc doza – sutkada 200 mq-dır . Sonradan dozanı sutkada 600 mq-a qədər artırırlar . Dərman sutkada 3 dəfə qəbul edilir .
 
2. Miorelaksantlar .
Miorelaksantların  tətbiqi aşağıda sadalanan effektləri verir :
- sinir hüceyrələrinin oyanıqlığının tormozlanması ;
- əzələlərin tonusunun azaldılması ;
- aksonların membranlarının natrium-kalium kanallarının stabilizasiyası ;
- sinir impulslarının  sinir  lifləri  boyu  yayılmasının  tormozlanmasına səbəb olur ;
- kalsiumumun  sinapslara daxil olmasına mane olur ;
- baş beynin qanla təchizatını yaxşılaşdırır ;
- ağrıkəsici effekti vardır .
• Baklofen -  Bu preparat  qamma –amin  yağ  turşusu ( QAYT ) neyromediatorunun  sintezini tənzimləməsi hesabına  nevralgiyanın müalicəsində effektlidir .  Başlanğıc doza gündə 3 dəfə , cəmi  15 mq-dır . Tədricən  bu dozanı sutkada  3 dəfə ,   ümumi  olaraq  30-75 mq-a qədər artırırlar .
• Midokalm – başlanğıc doza  sutkada 3 dəfə , cəmi  150 mq , maksimal doza – sutkada 3 dəfə , cəmi  450  mq-dır .

3.  Vitamin preparatları .
  B qrupu vitaminləri ( Neuromultivit , Neurovitamin , Trivitron , Milqamma  və digər komplekslər )
• antidepressiv təsiri var,
      • xarici amillərin sinir hüceyrələrinə mənfi təsirlərini azaldır,
      • aksonların miyelin  qişasının  tədricən bərpası proseslərində   və  həm  periferik ,  həm də mərkəzi sinir sisteminə münasibətdə bir  çox effektiv  təsirlərdə  iştirak edir . 1 tabletdən gündə 3 dəfə yemək zamanı qəbul etməli . İnyeksiya formaları günaşırı olaraq əzələyə 2-3 ml yeridilir .


4. Doymamış yağ turşuları Omega-3 ( qida əlavələri ) . Doymamış yağ turşuları miyelin  qişasının qurulması  üçün bir  materialdır . Gündə 1-2 kapsul yemək  zamanı  qəbul edilir .
5. Antihistaminlər -  Dimedrol ,  Pipalfen .  Antikonvulsantların  təsirini  gücləndirir . Dimedrol -  gecə yatmadan əvvəl 1% -  1 ml,
Pipalfen -  2,5% - 2 ml  yatmazdan  əvvəl  inyeksiya şəklində tətbiq edilir .
6. Qlisised  ( Qlisin ) .  Qlisin  - amin turşusu  olub ,   sinir sisteminin  oyanıqlıq  proseslərini  tormozlayan  bir  neyrotransmitterdir . Sakitləşdirici, stresə qarşı təsirə  malikdir ,  yuxunu  normallaşdırır . Sutkada  3 dəfə, 2 tableti  dil altına qoymaq lazımdır .
7. Neyroleptik  və antidepresant dərmanlar .
Aminazin  -  ötürücü sinir liflərindən impulslar alan reseptorları  blokada edir . Bununla əlaqədar dərman sakitləşdirici təsir göstərir və  kəskin   və  xronik  psixozlarda  psixotik reaksiyaları azaldır.  Hər 4-6 saatdan bir 20-100  mq  dozada daxilə qəbul edilir .  Dərmanın inyeksion formada tətbiqi   kəskin psixotik reaksiyalar  zamanı  effektivdir  .  Birdəfəlik  olaraq   25-50 mq  inyeksiya  olunur .  Lazım gələrsə , dərman  təkrar  şəkildə  inyeksiya  olunur. Bu dərmanın qəbulu   xəstənin psixi  vəziyyətinin normallaşmasına qədər davam etdirilir.
Amitriptilin .  Neyromediatorların  ifrazını  tənzimlədiyinə  görə  antidepressiv  effekt göstərir .   İlkin doza: 3  qəbula  75 mq ,  sonra isə doza  3  qəbula  200 mq-a  qədər artırılır . Dərmanın  yemək zamanı  qəbulu  məsləhət görülür .
Ağır  gedişli   trigeminal nevralgiyada ,  davamlı ağrılar  zamanı  hətta narkotik vasitələrin ( Natrium- oksibutirat ,  Kokain ,  Morfin  və s. ) təyini  tövsiyə  edilir .
  Əvvəllər  üçlü   sinirin  şaxələrinin  80%-li  etil spirti (alkolizasiya) ,  Qliserin  və Novokainlə  blokadaları  geniş  yayılmışdı . Lakin  hazırda  sübut  edilmişdir ki ,   sürətli analgezik  təsirinə  baxmayaraq ,  bu  prosedurlar    üçlü   sinirin  əlavə  travmatizasiyasına  və   miyelin  qişasının  dağılmasına  səbəb  olur  ki ,  bu  da  yaxın  müddət  ərzində   ( artıq  yarım  il  sonra  )  xəstəliyin  qısa müddətli remissiyalar və uzun sürən ağrı tutmaları şəklində  proqressivləşməsinə  səbəb  olur  .

Mütləq şəkildə  xəstəliyin inkişafına gətirib çıxara biləcək  halların  korreksiyası  aparılmalıdır :
• LOR - patologiyasının müalicəsi,
• baş  beynin  damar xəstəliklərinin müalicəsi,
• ağız boşluğunun adekvat sanasiyası,
• infeksion xəstəliklərin antibakterial ( və ya antiviral ) və immunoqoruyucu müalicəsi,
•  travmalar ,  cərrahi əməliyyatlar  və  infeksion  proseslərdən sonra birləşdirici toxumanın  artımının ( çapıqların )  qarşısını almaq  . Bu  məqsədlə  biostimulyatorlardan  ( Aloe  və  plasenta  ekstraktları , FİBS ) , qlükokortikosteroidlərin ( hormonların ) kiçik  dozalarla  qısa  müalicə  kurslarından  və  fizioterapevtik  prosedurlardan  müvəffəqiyyətlə  istifadə  olunur,
• metabolizmin  pozulması  zamanı onun normallaşdırılması  ( pəhriz ,  vitamin terapiyası , hormonal fonun korreksiyası  və s. ),
• digər xəstəliklərdən  və vəziyyətlərdən asılı olaraq  başqa  fəaliyyət növləri  .

Trigeminal nevralgiya  zamanı cərrahi müalicə
Trigeminal nevralgiyanın  cərrahi müalicəsi ,   yalnız  onun   əməliyyatdan sonrakı ağırlaşmalar problemlərini  minimal  risklə  effektiv  surətdə  həll  edilə   biləcəyi təqdirdə  tövsiyə olunur . Həmçinin ,   dərman müalicəsindən  klinik effekt   olmadıqda  ( 3 ay  müddətində müsbət nəticələr olmadığı təqdirdə ) yüngülləşdirici  cərrahi manipulyasiyalar təklif olunur .

1. Nevralgiyaya   səbəb olan problemlərin  cərrahi  müdaxilə  üsulu  ilə  həll edilməsi:
-  beyin şişlərinin çıxarılması ( əməliyyatın  həcmi  şiş  prosesinin növü ,  yeri və dərəcəsi ilə müəyyən edilir ) ;
-  Mikrovaskulyar  dekompressiya – üçlü  sinirin  və ya onun nüvəsini  sıxan genəlmiş  qan damarlarının   yerinin  dəyişdirilməsi  və  ya rezeksiyası ;
-  daralmış  infraorbital  kanalın  genişləndirilməsi  ( üçlü sinirin  ı şaxəsinin  çıxma yeri ) - kəllə sümükləri üzərində minimal  invaziv  cərrahi əməliyyat .
Üçlü  sinirin kompressiyasına  səbəb olan amillərin  effektiv aradan qaldırılması ilə , çox hallarda  trigeminal nevralgiya  tutmaları keçib gedir ,  nəticə - sağalmadır .

2. Üçlü  sinirin  keçiriciliyinin  azaldılmasına yönəlmiş cərrahi müdaxilə:
-  Kiber Bıçaq  -  trigeminal nevralgiya  zamanı  müasir  effektiv  müalicə  metodudur .  Bu zaman ,  digər travmatik əməliyyatlardan fərqli olaraq , ağırlaşmalar   riski minimaldır      ( orta hesabla 5% ). Kiber Bıçaq -  deşilmə ,  kəsilmə  və digər travmatik manipulyasiyalar   tələb etməyən bir radiocərrahiyyə üsuludur . Xəstəxanadan kənar  ( ambulator şəraitdə )   aparılması mümkündür. Bu üsul -  üçlü  sinirin   nüvəsinin  və  ya onun  sinir liflərinin  güclənmiş  oyanıqlıq nahiyəsinə  nazik radiaktiv  şüanın  təsirinə  əsaslanır
-  Gamma Bıçaq -  Kiber  Bıçaq kimi , radiocərrahiyyə  metodudur . Bu zaman  radiaktiv  şüa toplusu  trigeminal ganglionu məhv edir .  Bu üsulun da ağırlaşma  riski azdır. Effektivliyi  Kiber Bıçaqdan - dan daha azdır.
-  Trigeminal qanqlionun  hava  ballonu ilə kompressiyası – dəri vasitəsilə trigeminal qanqlion  nahiyəsinə kateter yeridilir , onun  vasitəsilə  ballon  quraşdırılır  və  o ,  hava ilə doldurulur .  Bu ballon  qanqlionu  sıxır  və  vaxt  keçdikcə  üçlü sinirin şaxələrini məhv edir ki ,  nəticədə sinir impulslarınin  mərkəzi sinir sisteminə  ötürülməsini  aradan qaldırır . Bu metod müvəqqəti təsirə malikdir və  ağırlaşmaların  inkişafına gətirib çıxara bilər ( üzün keyiməsi ,  əyilmiş  mimika ,  çeynəmə  aktının pozulması ) .
- trigeminal qanqlionun  rezeksiyası -  mürəkkəb travmatik əməliyyat  olub , kəllənin trepanasiyasını , qanqlionun neştərlə kəsik aparmaqla aradan götürülməsini  və  əməliyyatdan sonra uzun müddətli bərpa periodu  tələb edir . Bu üsul  ağırlaşmaların inkişafı üçün böyük risk mənbəyidir .
-  Trigeminal gangliyon və ya trigeminal sinir şaxələrinin  çıxarılmasına yönəldilmiş digər cərrahi prosedurlar travmatik olur və tez-tez ağırlaşmalar  verir .

Cərrahi müalicə üsulunun seçimi aşağıdakı  səbəblərdən asılıdır :
• tibbi müəssisənin və cərrahların  imkanlarından ,
• xəstənin maliyyə imkanları ( radiocərrahiyyə  üsulları  kifayət  qədər  bahalıdır ) ,
• yanaşı gedən xəstəliklərin olması ,
• xəstənin ümumi vəziyyəti ,
• nevralgiyanın  inkişafına gətirib çıxaran  səbəblər ,
• müəyyən bir əməliyyat növü üçün fərdi göstərişlərin və əks - göstərişlərin olması ,
• xəstənin  orqanizminin  dərman müalicəsinə reaksiyası ,
• əməliyyatdan sonrakı ağırlaşmaların  yaranma  riski  və  s .

Üçlü sinirin nevralgiyası zamanı  fizioterapiya

Fizioterapiya - trigeminal nevraliyada  ağrı sindromunun aradan qaldırılması üçün çox  effektiv bir müalicə metodudur . Zədələnmə  dərəcəsindən , residivlərinin tezliyindən , nevralgiyanı  yaradan  səbəblərdən  asılı olaraq ,  üçlü  sinir və ya onun nüvələrinə  fiziki  təsirlərin  bu  və ya  digər üsulu  təyin edilir .
1. Üz və boynun ultrabənövşəyi  şüalanması  ( UBŞ ) . Ağrı sindromunun aradan qaldırılması. Ultrabənövşəyi şüalanma  ( məhz  orta dalğalı )  sinir liflərinin oyanmasını tormozlayan neyromediatrların  və təbii  analgetiklərin ifraz olunmasına səbəb olur . Müalicə müddəti - 10 seansdır .
2. Lazer terapiyası . Ağrı sindromunun qarşısının alınması və   üçlü sinirin  lifləri boyunca sinir impulslarının  keçirilməsinin  tormozlanması effekti vardır . Lazer, üçlü  sinirin hər bir şaxəsinin  və bu sinirin yaratdığı  düyünlərin lokalizasiya sahələrinə  təsir edir. Lazer şüalanması  sinir  liflərinin həssaslığını azaldır. Orta hesabla, hər biri  4  dəqiqə olmaqla , 10  prosedur tövsiyə olunur.
3. Ultra yüksək tezlikli cərəyan ( UYTC ) .Ağrı sindromunu aradan qaldırmaq və mikrosirkulyasıyanı yaxşılaşdırmaq effektləri vardır . Həmçinin ,  mimiki  və çeynəmə   əzələlərinin  atrofiyası zamanı da tətbiq olunur . Ultra  yüksək  tezlikli cərəyana  məruz qalma:
• Təsirə məruz qalan ərazilərdə  toxumalar tərəfindən   enerjinin  udulması ,  onlardan istilik yayılması şəklində  meydana  çıxır ;
• Qan dövranını, limfanın   drenajı   yaxşılaşır ;
• Sinir impulslarını  ötürən sinir liflərinin membranının  natrium – kalium  kanallarının qismən normallaşdırılması.
Hər biri  15  dəqiqə  olmaqla ,  15-20 seans .
4. Elektroforez . Ağrıkəsici və  əzələri boşlayıcı  təsirləri vardır . Elektroforez - elektrik cərəyanının köməyi  ilə  bilavasitə  sinirlərin lazım olan  hissəsinə  dərman vasitələrinin yeridilmə metodudur .
Ağrını kəsmək  üçün aşağıdakı prepatlar  daxil edilir :
• Novocain,
• Dimedrol,
• Platifillin.
Bu maddələr sinir impulslarının  sinir boyunca ötürülməsinə kömək edən kalium-natrium kanallarını blokada  edirlər .
Elektroforezin  köməyi ilə həmçinin  B qrupu vitaminlərini də  yeritmək  mümkündür ki ,  bu da sinirin  və zədələnmiş miyelin qişasının qidalanmasını  yaxşılaşdırır . Bu prosedurları  günaşırı olaraq  digər fizioterapiya  üsulları ilə  növbələşdirmək  məsləhətdir . Müalicə kursu  yalnız  10 prosedurdur .
5. Diadinamik cərəyanlar . Ağrıkəsici ,  sonrakı paroksizmal tutmalar  zamanı  ağrı intensivliyinin azaldılması ,  remissiya  dövrlərini  uzatmaq  effektləri  vardır .  Bu üsulda  Bernar  cərəyanından  istifadə edilir . Bernar  cərəyanları , tezliyi  50000 herz  olan  elektrik  impulsudur . Elektrodlar, burnun  selikli qişası  da daxil olmaqla, üçlü  sinirin trigger  zonalarına  yerləşdirilir. Bernar cərəyanı  ağrı  həssaslığının kəndarını  aşağı salır ,  üçlü  sinirin şaxələrini  blokada  edir və  beləliklə ,  ağrı sindromunun intensivliyini azaldaraq , onu  tamamilə dayandırır .  Diadinamik cərəyanlar elektroforez və digər fizyoterapiya üsulları ilə birlikdə   istifadə  edildikdə yüksək effekt  verir . 5-7 gün fasilə  ilə 5 gün davam edən  bir neçə kurs  məsləhət  görülür .  Prosedur 1 dəqiqə davam edir .
6. Massaj . Mimiki  və çeynəmə  əzələlərinin  atrofiyasının  profilaktikası   və   müalicəsi  üçün tətbiq edilir .  Üz, baş və boyun əzələlərinin massajı  qan  dovranını  və limfanın  drenajını   yaxşılaşdıraraq , onların qidalanmasını gücləndirir .  Massaj diqqətlə həyata keçirilməlidir :  tətik zonalarına təsir etməməli  və  ağrı  tutmalarının  inkişafına səbəb   olmamalıdır .   Sığallama ,  vibrasiya  və  ovuşdurma   hərəkətlərindən istifadə edilir .Massaj  yalnız xəstəliyin davamlı remissiyası fonunda təyin edilir. Müalicə müddəti 10 seansdır .
7. İynərefleksoterapiya ( akupunktur ) . Ağrı sindromunun  aradan  qaldırılması məqsədilə tətbiq edilir . Akupunktur sinir liflərinə impulsları ötürən  sinir reseptorlarına  təsir edir. Prosedur zamanı  tətik  zonalarında bir neçə nöqtə və əks  tərəfdən uzaqdan bir neçə nöqtə  seçilir . Bəzən iynələr uzun müddətə - bir sutka və ya daha uzun müddətə batırılır  , batırılmış iynələri vaxtaşırı  olaraq  burmaq  lazımdır .  Müalicə müddəti fərdi olaraq seçilir, çox vaxt  cəmi bir neçə prosedur kifayət edir .
Bütün fizioterapevtik  metodlar  dərman terapiyası və  xəstəliyin inkişafına səbəb olan amillərin aradan qaldırılması ilə birlikdə tətbiq edilməlidir . Çünki monoterapiya şəklində fizioterapevtik prosedurların effekti olmur .

Üçlü sinirin nevralgiyasının profilaktikası
1. LOR  orqanlarının kəskin və xroniki xəstəliklərinin müalicəsi, ağız boşluğunun vaxtında sanasiyası və s. üçün vaxtında  tibb müəssisələrinə  müraciət  etmək .
2. Daxili orqanların, endokrin vəzilərin , sinir və ürək-damar sistemlərinin  xəstəliklərini vaxtında müəyyən etmək üçün İllik profilaktik tibbi müayinələr.
3. Üzün və başin travmalarından  qorunmaq .
4. Yelçəkənlərdən  və digər hipotermiya  vəziyyətlərindən  qorunmaq .
5.  Qan təzyiqinə nəzarət ; arterial hipertoniya ,  vegetativ-damar distoniyası ,  ateroskleroz  və digər qan-damar  xəstəliklərinin   müalicəsi .
6. Sağlam həyat tərzi :
• Tamdəyərli  fiziki fəaliyyət ;
• Tamdəyərli  yuxu  və  istirahət ;
• Stressli vəziyyətlərə adekvat  reaksiyanın  verilməsi ;
• Kifayət qədər vitamin, minerallar, doymamış  yağ  turşuları  və  amin turşuları  ilə  zəngin  olan sağlam bir pəhriz ;
• Orqanizmin möhkəmləndirilməsi ;
• Siqaret çəkməkdən, narkotik maddələrin  qəbulundan  və alkoqollardan sui-istifadədən  və s.  imtina  edilməsi .
7. Üzdə  ağrılar  zamanı   özünümüalicə ilə  məşğul olmaq olmaz . Yadda saxlayın ki ,  hər hansı bir manipulyasiya trigeminal nevralgiyanın   gedişatını ağırlaşdıra bilər.

Fərhad  Əhmədov. Həkim – nevropatoloq

Baxış sayı
Ay ərzində: 84
Bütünlüklə: 122