Qadınların sevimli yaş dövrü   |   Qadınlar, ərlərinizlə mübahisə edin!   |   Ev işləri erkən doğum risqini artırır   |   Ana südü xərçəngə qarşı   |   Çili bibərləri ağrıkəsicidir   |   Qadının gözəlliyi seçdiyi peşədən asılıdır   |   Qan qrupu xarakterinizdən xəbər verir   |   Böyrəkləri çürüdü, yeniləri yarandı   |   Siqaret və kofe "Parkinson"un qarşısını alır   |   Futbola baxmaq ürək xəstəliklərini artırır   |   Xərçəng xəstəliyinin müalicəsinin yeni yolu tapılıb   |   Sağlamlığa zərərli qidaların siyahısı hazırlandı   |   Dişləri düzgün fırçalama texnikası   |   Ana olmaq qadınları daha da ağıllı edir   |   Arıqladan çimərlik paltarı   |   Karyera və uşaq doğurmaqda qadınlara məsləhət   |   Kişilər ağıllı qadınları sevmirlər   |   Hündürdaban ayaqqabılar seksual həyata təsir edir   |   Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır   |   Gizli xəstəliklərin aşkar əlaməti - başgicəllənmə   |   Ana səsi sakitləşdirici gücə malikdir   |   Alçaqboylu insanlar ürək xəstəliyinə tez tutulur   |   Ünsiyyət xərçəngin qarşısını alır   |   Süni mayalanmada hansı risklər ola bilər   |   Kişilərdə spermaya mənfi təsir göstərən 10 amil   |   Fəsil dəyişikliyi zamanı yaranan hallar   |   Pul saymaq ağrını azaldır   |   Passiv siqaret çəkmək əsəbləri pozur   |   Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?   |   Xoşbəxtlik qadınları zəif edir   |   Döş xərçəngi həyat tərzi ilə bağlıdır   |   Xoruldayan insanlarda avtomobil qəzaları riski daha çox olur   |   Kola spermanın tərkibini korlayır   |   Tatu metodu ilə vurulan vaksinlər daha effektiv olur   |   Sonsuzluq – miflər və faktlar   |   Suyu az içmək beyni qocaldır   |   Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir   |   İnternet qocalmanı sürətləndirir   |   Qız uşaqları daha çətin tərbiyə olunur   |   Kök kişilər daha sədaqətlidir   |   Xanımların gözəlliyi onlara yardım etmir   |   Ərə getmək xanımlar üçün xeyirlidir   |   Möcüzəli "qazlı sular" satışa çıxarıldı   |   Linza seçərkən diqqətli olun   |   Körpələrin ağlaması onlara xeyirdir   |   Gecə təngnəfəsliyi ölümə gətirib çıxarır   |   3D ürək bulandırır   |   Çox gülən qadınlar tez kökəlir   |   Oturaq işləyən insanlar diqqətli olun   |   Uzunömürlülüyün sirri   |   
Süni mayalanma ilə dünyaya övlad gətirənlər bunu gizlədir

Şərq ölkələrində ailədə varisin olmaması bədbəxtlik kimi qəbul edilir. Bu səbəbdən də ailə qurularkən ilk növbədə insanlar nəsil artırmaq haqda düşünürlər. Ancaq bəzən ailələrin bu arzusu reallaşmır. Bu da ailələrin dağılmasına və digər problemlərin ortaya çıxmasına səbəb olur. Ümumilikdə isə sonsuzluq problemi bütün dünyanı narahat etməkdədir. Dünyada qəbul olunmuş qaydaya görə, əgər bir ölkədə sonsuzluq 15 faizə çatarsa, bu artıq problemlərin ciddiliyindən xəbər verir. Azərbaycanda isə sonsuzluq problemi 13 faiz təşkil edir.

Qəribə də olsa, ölkəmizdə yayılmış tendensiyaya görə, əksər halda sonsuzluqda birmənalı olaraq qadın günahkar bilinir. Kişilər isə heç yada da düşmürlər. Ancaq statistik rəqəmlər göstərir ki, sonsuzluq problemində ər və arvadın hər ikisinin payı 40 - 45 faiz təşkil edir. Mütəxəssislərin qənaətinə görə, əgər ailə qurulandan 2 il sonra dünyaya övlad gəlmirsə, bu nikah problemli hesab edilir. Müasir tibb elmi problemə çevrilən sonsuzluqdan ailələri xilas etmək üçün süni mayalanmanın tətbiqinə başlayıb. Yəni aparılan digər müalicələr əhəmiyyətsiz olarsa, bu zaman süni mayalanma üsulu seçilir. Yeri gəlmişkən, süni mayalanma ilk dəfə 1978-ci ildə aparılıb. Bu əməliyyat nəticəsində dünyaya gələn ingiltərəli Luiz Braun adlı qızın artıq 30 yaşı var. Braunun normal qadın olduğu və onda bütün proseslərin normal insanda olduğu kimi getdiyi bildirilir. Hələlik süni yolla dünyaya gələn uşaqların özlərinin dünyaya təbii yolla övlad gətirib-gətirməyəcəyi isə məlum deyil. Braun hələ ailə həyatı qurmadığı üçün bu barədə mütəxəssislər dəqiq fikir söyləməkdən çəkinirlər.

 

İlk "süni" azərbaycanlının 10 yaşı var
Azərbaycanda isə süni mayalanma birmənalı qarşılanmır. Bu səbəbdən də həmin üsulla dünyaya övlad gətirənlərin əksəriyyəti bunu gizlətməyə çalışır. Kimi bu uşaqları atasız adlandırır, kimi onların digər uşaqlardan fərqləndiyini, kimi də həmin uşaqların gələcəkdə müxtəlif problemlərə səbəb olacağını deyirlər.
Ancaq ölkədə bu üsuldan istifadə edənlərin sayı artmaqdadır. Onu da deyək ki, süni mayalanma yolu ilə dünyaya gələn ilk azərbaycanlı uşağın 10 yaşı var. Bu barədə məlumatı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mərkəzi androloji laboratoriyasından aldıq.
Laboratoriyanın həkimi bildirdi ki, qəbul edilən xəstələrin 70 faizdən çoxu hamilə qalır: "Bu artıq uğur deməkdir. Çünki dünyanın heç bir yerində xəstənin yüzdə-yüz hamilə qalmaq ehtimalı yoxdur. Onu da deyək ki, süni mayalanmadan istifadə etmək istəyənlər bunu gənc yaşında həyata keçirməlidirlər. Əgər qadının yaşı 40 və 40-dan yuxarıdırsa, onun hamilə qalmaq və bu prosesi normal başa vurmaq şansı 30 faizdən aşağıdır. Donordan istifadəyə isə qanun icazə versə də, pasiyentlərin 90 faizi uşağın yalnız öz həyat yoldaşından olmasını istəyir və bu üsuldan istifadə edilir".
Həkimin dediyinə görə, stimulyasiya prosesində hormonal preparatların təsirinə, eləcə də yumurta hüceyrələrinin inkişafına "UZİ" və qan testləri ilə nəzarət edilir: "Embrioloqun nəzarəti altında, xüsusi şəraitdə inkişaf edən embrionlar müvafiq dövrdən sonra qadının uşaqlığına yerləşdirilir və bununla da hamiləlik başlayır. Bundan sonra hormonal preparatların qəbulu davam etdirilir və 2 həftədən sonra prosesi izləmək üçün "UZİ" müayinəsi aparılır. Yaxşı olar ki, belə qadınlar hamiləliyin sonuna kimi həkim nəzarətində olsunlar".
Mütəxəssis sonsuzluq probleminin baş verməsinin bir çox səbəbi olduğunu da deyir: "Buna psixi amillər, həmçinin qeyri-düzgün qidalanma, istirahətsizlik, gigiyenik qaydalara əməl etməmək, əsəbilik, nikotin, alkoqoldan istifadə, qadın və kişilərdə hormon, eləcə də digər problemlərin olması səbəb ola bilər".

 

Genefondumuz dəyişə bilər
Süni mayalanma bir çox ailənin həsrətinə son qoysa da, bəzi tibb işçilərinin bu məsələdə apardıqları maxinasiyalar gələcəkdə problemlərin yaranacağını da istisna etmir. Paytaxt laboratoriyalarının birində çalışan səhiyyə işçisinin bizə verdiyi ilkin məlumata görə, bəzi tibb işçiləri prosesə süni müdaxilə edir: "Məsələn: müayinəyə gələn ailədə, əgər kişidə sonsuzluq problemi aşkarlanarsa, bu haqda məlumat gizlədilir. Həmin şəxsə bir müddətdən sonra aparılan müalicənin nəticəsi kimi müsbət cavab verilir və süni mayalanma zamanı başqa bir adamın hüceyrələrindən istifadə olunaraq qadın mayalandırılır. Bu üsulla pul qazanan həkim günaha batmaqla yanaşı, gələcəkdə bir sıra problemin ortaya çıxmasına da səbəb olur. Belə ki, bəzən cütlüklərə yanlış məlumatlar verilərək xaricdən gətirilən və ya təsadüfən eyni adamlara məxsus olan hüceyrələrlə süni mayalanma aparılır. Bu isə genefondumuza zərbə vura bilər. Belə xəbərləri eşidənlər isə süni mayalanmaya getməkdən çəkinirlər. Digər bir tərəfdən isə prosesin baha olması çoxlarının arzusunu ürəyində qoyub. Əldə etdiyimiz məlumata görə, sözügedən əməliyyat ailələrə 3500 - 4000 manata başa gəlir".
Bu gün təbii yolla dünyaya əkiz uşaq gətirənlər də az qala şübhə obyektinə çevrilib. Adətən süni mayalanma nəticəsində dünyaya 2 uşaq gəldiyi üçün, necə deyərlər, "qurunun oduna yaş da yanır". Mütəxəssislər süni mayalanma zamanı əkiz uşaqların dünyaya gəlməsi üçün 1 embrionla hamiləliyin baş tutmaya biləcəyini bildirirlər. Bu səbəbdən də qadının uşaqlığına bir neçə embrion yerləşdirilir ki, nəticədə əkiz uşaqlar dünyaya gəlir.

 

"Süni" uşaqlar xəstəliklərə meyillidir
Bəziləri bu üsulla dünyaya gələn uşağı belə yad kimi qəbul etsələr də, mütəxəssislər "süni" uşaqların digərlərindən heç bir fərqi olmaması qənaətindədirlər. Pediatr Sevda Qurbanlı isə hesab edir ki, süni mayalanma ilə dünyaya gələn uşaqlar sağlamlıq baxımından "təbii" uşaqlardan seçilir: "Əsasən yeni doğulmuş uşaqlarla bağlı tez-tez problemlər yaranır. Bu uşaqlar daha zəif olur, tez-tez infeksion xəstəliklərə yoluxurlar. Eyni zamanda bəzi uşaqlarda inkişaf tempi zəif olur".
Mütəxəssis süni mayalanma üsulu ilə dünyaya gələn uşaqların əksəriyyətinin əkizlər olduğunu da dedi: "Əgər təbii yolla əkizlərin dünyaya gəlməsinə 80 cütlük arasında 1 dəfə təsadüf edilirsə, süni yolla əkizlərin doğulması hər 2 mayalanmadan 1-də özünü büruzə verir. Buna səbəb isə süni mayalanma zamanı uşağın dünyaya gəlməsini təmin etmək üçün bir neçə embriondan istifadə edilməsidir. Bir çox halda isə həmin embrionların 2-si aktiv olur və nəticədə dünyaya əkiz uşaqlar gəlir. Onu da deyim ki, əkiz uşaqlar adətən azçəkili, bəzən də müxtəlif qüsurlu olurlar. Müayinə zamanı uşaqların birinin digərindən daha çox zəif və ya müxtəlif problemlərdən əziyyət çəkməsinin şahidi oluruq. Onu da deyim ki, süni yolla dünyaya gələnlər digər körpələrdən fərqli olaraq doğum evində daha çox saxlanılırlar. Onların orqanizminin möhkəmləndirilməsi üçün xüsusi prosedurlar həyata keçirilir. Uşaqlar daim həkim nəzarətində saxlanılırlar".
Mütəxəssis bildirdi ki, hazırda süni mayalanmanın 2 üsulu tətbiq edilir. Onlardan biri zamanı dünyaya gələn uşaqların problemləri digərindən daha çox olur: "Belə ki, iki valideynin razılığı ilə dünyaya övlad bəxş edənlərdən fərqli olaraq əvvəlcədən dondurulmuş embriondan dünyaya gələn uşaqlar arasında da böyük fərq olur. Donor embrionundan doğulmuş körpələrin səhhətində çatışmazlıqlar digərlərindən fərqli olaraq daha qabarıq nəzərə çarpır. Məndə olan məlumatlara görə, ölkəmizdə donor embrionundan dünyaya körpə gətirən qadınların sayı az olsa da var. Artıq 15-ə yaxın ailədə belə uşaqlar böyüyür".

 

Mübahisəli qanun layihəsi
Ölkədə ailə planlaşması, surroqat ana, süni mayalanma və bu kimi məsələləri özündə əks etdirən "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin qəbul edilməsi məsələsi də gündəmdədir. Ancaq bir neçə ildir sözügedən qanunun qəbulu yubadılır. Hətta Milli Məclisdə layihənin müzakirəsi zamanı fikir ayrılığı və qalmaqallar yaşandı ki, bu səbəbdən də layihənin müzakirəsi yaramçıq qaldı. Bəzi deputatlar sözügedən qanun layihəsinin mentalitetimizə və dini dəyərlərimizə zidd olduğunu bildirdilər. Deputatlar arasında layihənin sonsuzluq probleminə son qoyacağını bildirənlər də var idi. Məsələyə münasibətini öyrəndiyimiz deputat Musa Quliyev isə hesab edir ki, sözügedən qanun layihəsi ailə planlaşdırılması baxımından əhəmiyyətlidir: "Qanun layihəsinə süni mayalanmaya icazə verilməsinə görə etiraz edənlər yanılır. Hazırda ölkədə süni mayalanma aparılır. Orta hesabla Azərbaycanda 500 uşaq süni şəkildə dünyaya gəlir. İmkansızlıq səbəbindən bir çox ailə bu xidmətdən yararlana bilmir. Hesab edirəm ki, qanunun qəbulu bu sahədə olan problemlərə son qoya bilər".
Millət vəkili qanun layihəsinin yenidən müzakirə ediləcəyi vaxtın hələlik müəyyən olunmadığını da dedi: "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması indi bütün dünyada qəbul edilib. Məsələyə bizdə münasibət birmənalı olmadığı üçün maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. İnsanlar inanmalıdırlar ki, bu proqram gələcək nəsillərə lazımdır".

Mirvari

Baxış sayı
Ay ərzində: 10
Bütünlüklə: 1963