
Həkimlər xüsusi lisenziya əsasında çalışacaqlar
"Ailə həkimi" ilə bağlı qanun qüvvəyə minməsə də Səhiyyə Nazirliyi Beynəlxalq Bankın dəstəyi ilə "ailə həkimi" layihəsinin reallaşdırılmasına start verib. Layihənin necə və hansı ərazilərdə tətbiq olunacağı ilə bağlı məlumat almaq üçün nazirliyin mətbuat xidmətininə müraciət etdik. Qurumun mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirdi ki, Səhiyyə Nazirinin göstərişinə əsasən vaxtılə fəaliyyət göstərən sahə həkimlərinə ailə həkimi statusu verilib və artıq həkimlərin kvalifikasiyasına başlanılıb". S.Əhmədova təlim kurslarına ilk olaraq Şəki, İsmayıllı və Qəbələ rayonlarında başlanıldığını dedi: "Artıq Səhiyyə Nazirliyi ölkədə fəaliyyətə başlayacaq yeni həkimlik ixtisası ilə bağlı ştat və stavka müəyyən edib. Qeyd edək ki, bu sahədə çalışacaq həkimlər eyni profil üzrə yerlərdə işləyən həkimlər arasından seçiləcək. Ailə həkimlərinin hazırlanması üçün bir qrup tibb işçisi Türkiyənin Hacıtəpə Universitetində xüsusi təlim kursları keçiblər. Paralel olaraq Səhiyyə Nazirliyi ailə həkimi işləyənlər üçün normaiv sənədlərin hazırlanmasına da başlayıb. Belə ki, ailə həkimi kimi fəaliyyət göstərən səhiyyə işçilərinə sertifikat və lisenziya veriləcək. Hazırda bu sistemin hazırlanması istiqamətində iş gedir".
Qurumun sözçüsü onu da bildirdi ki, ailə həkimlərinin əsas vəzifəsi xəstəliklərin ilkin mərhələdə təyini, yayılmış xəstəlikərin profilaktikası və aşkara çıxarılması olacaq. Məqsəd bu xəstəliklərin yayılmasının və ağırlaşmasının qarşısını ilkin mərhələdə almaqdır".
Onların vəzifəsi hər bir ailə üzvünə xidmət etməkdir
"Ailə həkimi" layihəsinin reallaşmasına baxmayaraq hələ də çoxları bu statusu daşıyacaq həkimlərin iş fəaliyyətinin dəqiq nədən ibarət olacağını bilmir. S.Əhmədova bu barədə də məlumat verdi: "Çoxları "ailə həkim"lərin "sahə həkimləri" ilə dəyişik salırlar. Ancaq "sahə həkim"lərinin fəaliyyəti dar çərçivədə məhdudlaşırdı. Belə ki, sahə terapevti uşaqlar və böyüklər üçün ayrı-ayrılıqda baxırdı.
"Ailə həkimləri" isə bu ikisinin təkmil formada cəmi deməkdir. Yəni "ailə həkimləri" bütün ixtisaslardan xəbərdar olacaq və ailənin bütün üzvlərinə xidmət edəcək. Həmçinin bütün xəstəliklərə nəzarət edəcək və hər hansı ailə üzvündə xəstəliyin ağırlaşması müşahidə olunarsa, xəstəxanaya göndərilməsinə göstəriş verəcək. Ona görə də bu həkimlər bütün xəstəliklərdən xəbərdar olmalıdırlar. "Ailə həkimi" kimi fəaliyyət göstərəcək həkimlərin öncə müayinə, profilaktik yardım, xroniki xəstəliklərin müalicəsi işindən başları çıxmalıdır. İlkin mərhələdə müalicə evdə aparılacaq, xəstənin ixtisaslaşmış mütəxəssislərə ehtiyacı olarsa, bu, "ailə həkimi"nin göndərişi əsasında həyata keçiriləcək". Nazirliyin sözçüsü kəndlərdə həkimlərin sayının az olmasının sözügedən layihəni zəruri etdiyini də dedi: "Regionlarda əhəmiyyəti olmayan kənd xəstəxanaları ləğv edilib. 49 rayonda kənd xəstəxanası tibb məntəqəsinə çevrilib, 30 min çarpayının 58 faizi ixtisar edilib. Səhiyyə nazirinin əmri ilə kənd rayonlarında ailə həkimi ştatı tətbiq edilir. İndiyə qədər 4 minə qədər ailə həkimi ştatı açılıb".
Ölkədə bu kadrların hazırlanması üçün baza yoxdur. Bu məsələnin həlli istiqamətində hansı işlər görülür? Sualın cavabında həmsöhbətim hələlik ailə həkimlərinin xaricdə təcrübəyə hazırlandığını dedi: "Gələcəkdə bu məsələ daha da təkmilləşdiriləcək".
Hər adama görə 1 manat ödənilməlidir
Bəzi ekspertlər isə bu həkimlərin kifayət qədər savadlı və hər bir xəstəlikdən xəbərdar olmasının vacib olduğunu bildirərək "ailə həkimləri"nin hazırlanması məqsədilə diplom müdafiəsindən sonra 2 il rezidenturanın keçirilməsini vacib sayırlar. Bunun üçün pediatr ixtisası ilə müalicə ixtisasını birləşdirməyi, təhsil proqramlarında dəyişiklik aparılmasını təklif edirlər. Həmçinin qanunda ailə həkiminə xüsusi status verilməsini, bu sahəni seçənlərin maddi təminatının genişləndirilməsinin vacib olduğunu deyirlər. Məlum olan isə odur ki həkimlərə daha çox kəndlərdə ehtiyac var. Bəs görəsən, "ailə həkimi" layihəsinin reallaşması bu problemə son qoya biləcək? Onu da deyək ki, ucqar kəndlərdə həkim çatışmazlığı probleminə son qoymaq məqsədilə orada işləyənlər üçün əlavə güzəştlər tətbiq olunsa da, həkimləri kəndlərə cəlb etmək hələ də mümkün olmayıb. Milli Məclisin sosial siyasət daimi komitəsinin sədri Musa Quliyev isə problemdən çıxış yolu kimi tibbi təhsil alan tələbə ilə öncədən müqavilənin bağlanmasının məqsədəuyğun olduğunu deyir: "Tələbə instituta daxil olarkən onunla müqavilə bağlanmalıdır ki, sən təhsilini bitirəndən sonra 5 il rayonların birində "ailə həkimi" işləyəcəksən. Bu şərtlə problemə son qoymaq olar. Ancaq onu da deyim ki, bu zaman həkimlərə verilən imtiyazlar yüksəldilməlidir; məsələn, Türkiyədə kənd yerlərində ailə həkimi işləyənlərə xidmət etdiyi hər insana görə 1 türk lirəsi ödənilir. Əgər bizdə də hər 2 - 3 min ailə üçün bir həkim ayrılsa və ona hər insana baxdığına görə 1 manatdan xidmət pulu verilsə, onda həmin ailə həkiminin maaşı xəstəxanada işləyən digər həkimlərin aldığı aylıq məvacibdən qat-qat yüksək olar. Bu zaman həkimlərdə kənd yerlərində işləməyə maraq yaranacaq. O ki qaldı həkimə bu pulun ayrılması məsələsinə, bu həm dövlət, həm bələdiyyə, həm də vətəndaşların özləri tərəfindən ödənilə bilər. Sirr deyil ki, bu gün insanlar müalicə zamanı həkimə pul ödəyir. Ondansa kənd yerində hər bir ailə üzvü adambaşına "ailə həkimi"nə 1 manat ayırsa, bu onun büdcəsinə o qədər də təsir etməz. Nəticədə həmin ailə üzvləri daim "ailə həkimi"nin nəzarətində olan və ağır xəstəliklərə tutulmaqdan sığortalanar".
Mirvari
