
Apteklərdə qripə qarşı təyin edilən dərmanlara tələbat da artıb
Paytaxtda təhlükəli, kəskin respirator infeksion xəstəlik yayılıb. Qripə yoluxduğunu güman edənlər bu xəstəlik əleyhinə istifadə etdikləri dərmanların heç bir təsir göstərməməsindənşikayətlənirlər. Sən demə, bunun səbəbi hazırda ölkə ərazisində qrip deyil, paraqrip viruslarının yayılmasıdır. Həkimlərin dediyinə görə, bu xəstəlik havanın temperaturunun dəyişməsi ilə yaranan infeksion kəskin respirator xəstəlikdir. Ölkə ərazisində qripin ən kəskin forması A virusunun dolaşdığı bildirilir. Hazırda paytaxtda bu infeksion xəstəliyə yoluxanların sayı çox olsa da, aidiyyəti tibb müəssisələrindən, nəinki epidemiya, heç panepidemiya təhlükəsinin olmadığını söyləyirlər. Amma yaxın günlərdə havaların sərt keçəcəyi təqdirdə virusun yayılma ehtimalının olması yüksək sayılır.
Akademik Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun qrip laboratoriyasının müdiri Almaz Əsədova havaklar soyuyandan bəri ölkədə qrip epidemiyasının müşahidə olunmadığını desə də, zökəm, soyuqdəymə kimi xəstəliklərin qeydə alındığını bildirdi: “Görünür bu havaların mülayim keçməsi ilə bağlıdır, amma son günlər havanın kəskin dəyişməsi virusa yoluxanların sayında artımın olacağını deməyə əsas verir. Qrip törədən əsas, A, B, C viruslarıdır, onlar da kütləvi şəkildə heç kəsdə aşkarlanmayıb”.
Qeyd edək ki, A virusu qripin ən kəskin formasıdır.
Həkim məsləhəti
20 saylı Uşaq Poliklinikasının sahə həkimi Gülhəqiqət Həmidova deyir ki, indi rast gəlinən yoluxucu xəstəlik qrip yox, paraqripdir. Həkimin sözlərinə görə, bu virusa daha çox məktəbyaşına qədər olan uşaqlarda rast gəlinir: “Bu virus ilk növbədə uşaqların tənnəffüs yollarını zədələyir. Əsas əlaməti ondan ibarətdir ki, paraqripə yoluxan uşaqlarda öskürək zamanı səsin dəyişməsi müşahidə olunur. Paraqripin qripdən fərqlənin əsas əlaməti də elə budur. Qalan xüsusiyyətləri elə qripdə olduğu kimidir: temperaturun yüksəlməsi, ümumi halsızlıq, quru öskürək. Ümumiyyətlə, paraqripdə burun axması, asqıraq az müşahidə olunur. Ona görə də bəzən buna “quru qrip” də deyirlər.
Gülhəqiqət Həmidova qrip xəstəliyinin törədicilərinin üç qrupa bölündüyünü, onların -A, B, C olduğunu bildirdi. Onun sözlərinə görə, hazırda Azərbaycanda A qrupu virusları daha geniş yayılıb: “A virusları ən qorxulu xəstəlik törədiciləri sayılır. Bu viruslar epidemiya, hətta pandemiya yaratmaq qabiliyyətinə də malikdir.Orqanizmdə immunitetin aşağı olması, vitamin çatışmazlığı fəsil dəyişikliyi ərəfəsində qripə oxşar xəstəliklərinyayılmasına səbəb olur. İmmuniteti aşağı olan insanlar bu xəstəlikləri daha ağır keçirirlər”.
Həkim qripviruslarından qorunmaq üçün əhaliyə çoxlu meyvə-tərəvəz, göyərti, sarımsaq, göy soğan yeməyi, duru xörəklərə üstünlük verməyi və tez-tez limonlu çay içməyi məsləhət görür: “Çoxlu maye içmək lazımdır. Maye bədəndə olan toksik maddələri xaric edir. Bal və doşabdan da istifadə etmək əhəmiyyətlidir. Bundan başqa insanlar özlərini soyuqdan qorumaq üçün geyimlərinə də fikir verməlidirlər. Xüsusən uşaqların ayaq, baş və kürək nahiyələri isti saxlanılmalıdır”.
Gülhəqiqət Həmidova həkimlə məsləhətləşmədən apteklərdən dərman preparatlarının alınmasına da münasibət bildirdi. Onun sözlərinə görə, apteklərdən orqanizmin immunitetini artıran sirop və profilaktika məqsədləri ilə həblərin alınması mümkündür.
Apteklərdə qiymət özbaşınalığı
Bu arada apteklərdə qripə qarşı təyin edilən dərmanlara tələbat da artıb. Əczaçılar hər il qış qış mövsümündəqrip və soyuqdəyməyə görə təyin olunan dərmanların satışının yüksək olduğunu deyirlər. Odur ki, bəzi sahibkarlar bu vəziyyətdən istifadə edərək, infeksion xəstəliklər əleyhinə olan dərman preparatlarının qiymətini bir-neçə dəfə qaldırmaqdan çəkinmirlər.Məsələn, yay aylarında qiyməti 20-30 qəpiyə olan “İnterferon”, “Orbidol”, “Ferveks”, “TylolHot”, Qrip Hot”, “Nogrippin” kimi preparatların bir ədədinin qiyməti indi ən ucuz halda 50 qəpiyədir.Xəstəlikdən qorunmaq üçün istifadə olunan “Oksalin” mazı isə əksər apteklərdə yoxa çıxıb, olanlarda isə 2-4 manata satılır. Halbuki “Oksalin”in qiyməti 50 qəpikdən baha olmayıb.
Cəfər Xəndan küçəsində yerləşən “RiyadFarm” şirkətinə məxsus aptekin əczaçısı Mətanət Həsənova deyir ki, mart ayına qədər soyuqdəymə və qrip əleyhinə preparatların satışı ən yüksək həddə olur. O, dərman biznesi ilə məşğul olanların səbirsizliklə məhz bu mövsümü gözlədiyini bildirdi: “Ən çox tələbat, toz şəklində olan preparatlara, tərkibində vitamin C olan siroplara, boğaz ağrısı üçün dərmanlaradı. Bu cür dərmanların çoxu reseptsiz satıldığı üçün tələbat yüksək olur”.
Havaların mülayim keçdiyi və kəskin qrip təhlükəsininin olmadığı bir vaxtda qripə aid dərmanlarınqiymətinin kəllə-çarxa qalxdığınıgörüncə, xəstəliyin epidemiya halına keçəcəyini düşünmək belə ağrılıdı.
Naibə QURBANOVA
